27 Noyabr 2015 13:46
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Süleymanovun cinayət işi üzrə apelyasiya prosesi başa çatıb.

İttihama görə, Ceyhun Süleymanov Oğuz Rayon Məhkəməsinin 20 may 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə təqsirli bilinib və 3 il 8 ay azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra isə daha oğurluğa üstünlük verməyib və narkotik alverinə qurşanıb.

Ceyhun Süleymanov ümumi çəkisi 8690 qram, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış və narkotik vasitə hesab edilən marixuananı sintetik torbaya qablaşdıraraq özündə saxlayıb. O, ötən il iyunun 11-də saat 22 radələrində Şəki rayonu Oraban kəndinin girişində marixuananı 800 manata Sərxan Əhmədova satıb.

Ceyhun Süleymanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ceyhun Süleymanov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prokurorluq da apelyasiya protesti verərək Ceyhun Süleymanovun cəzasının ağırlaşdırılmasını tələb edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Adı Sərxan olan Samir...

Təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Süleymanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, özünü ona Samir kimi təqdim edən Sərxan adlı şəxsi Oğuz şəhərində avtomobil təmirçisi işləyən Elnurun vasitəsi ilə tanıyıb: "Sərxanı tanıdıqdan sonra bir neçə dəfə onunla birlikdə yeyib-içmişik. Görüşən zaman Sərxan məndən bir neçə dəfə narkotik maddə istəyib. Lakin Sərxana narkotik maddə satmadığımı bildirmişəm.

Hadisədən qabaq Sərxan, Elşən və Rəsulla birlikdə yeyib-içən zaman Yevlax rayon polis şöbəsinin əməkdaşları məni saxlayaraq şöbəyə apardılar. Polis şöbəsində məndən və Rəsuldan 9000 manat alaraq buraxdılar. Bundan sonra Sərxana zəng edərək nə üçün bizi tutdurduğunu söylədim. Sərxan da 7500 manat verərək polisdən qurtardığını bildirdi".

Ceyhun Süleymanovun sözlərinə görə, bundan sonra həmişə Sərxan ona zəng edərək narkotik maddə tapmasını istəyib: "Sərxana narkotik maddə satmadığımı bildirmişəm. Borcum olduğu üçün Sərxandan 800 manat pul istəmişəm. Sərxan da əgər Elnur zamin duracaqsa mənə 800 manat verəcəyini söylədi. Bundan sonra Sərxan Elnura zəng etdi, Elnur da zamin durduğu üçün Sərxan mənə 800 manat verəcəyini bildirdi".

"Narkotik satmamışam"

Təqsirləndirilən şəxs bildirib ki, iyunun 11-də, saat 19.00-da Səxavət adlı tanışı ilə avtovağzalda çay içdikləri zaman Sərxan ona zəng edib və Şəki rayonuna gələrək 800 manatı götürməsini söyləyib: "Sərxana Oğuz rayonuna gəlməsini təklif etsəm də, əmisi oğlunun Oğuz rayonuna gələ bilmədiyini bildirdi.

Bundan sonra Səxavətin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şəki rayonu ərazisinə getdik. Sərxanın "Priora" markalı maşınla yolun kənarında dayandığını gördük. Maşından düşərək Sərxanla görüşdüm. Həmin vaxt hava yağışlı olduğu üçün Sərxan maşında oturmağı təklif etdi. Buna görə də Sərxanın gəldiyi maşının arxa oturacağında oturdum. Sərxan ağacın dibindən bir ədəd ağ kisə götürərək "Priora" markalı maşının yük yerinə qoydu və özü də maşına əyləşdi. Sərxan maşında olan Vüsal adlı şəxsdən 800 manat istədi, Vüsal da həmin pulu Sərxana verdi. Sonra Vüsal avtomobildən düşərək, mənim oturduğum tərəfdən qapını açaraq qolumu burdu və məni saxladı. Sonra başqa polis əməkdaşları gəldi. Onlar pulu da cibimə qoydular".

Ceyhun Süleymanov həmçinin ifadəsində 800 manat almaq üçün Sərxanla görüşməyə gəldiyini, Sərxana narkotik maddə satmadığını bildirib.

"Görüşəcəyimiz yeri dəqiqləşdirdim"

Məhkəmə iclasında şahid qismində dindirilən Sərxan Əhmədov bildirib ki, 11 iyun 2014-cü il tarixdə Şəki şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Oğuz şəhər sakini Ceyhun Süleymanovun narkotik maddələrin satışı ilə məşğul olduğunu və həmin şəxsin ifşa olunmasında polisə kömək etmək istədiyini bildirib: "Bu barədə Xəzər müəllimin otağında ərizə yazdım. Sonra iki nəfər hal şahidinin iştirakı ilə üzərimə baxış keçirildi. Baxış zamanı üzərimdən pul və narkotik vasitə aşkar edilmədi.

Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə Ceyhundan narkotik maddə almaq üçün mənə10 ədəd 10 manatlıq, 10 ədəd 20 və 10 ədəd 50 manatlıq əskinasda olmaqla, ümumilikdə 800 manat verdilər. Həmin pulların kserosurətləri çıxarıldı və bu barədə protokol tərtib edildi.

Bundan sonra Ceyhuna zəng edərək görüşəcəyimiz yeri dəqiqləşdirdim və Ceyhundan narkotik maddəni kiloqramı 100 manata almaq barədə razılaşdım. Xəzər müəllimin idarə etdiyi "Priora" markalı avtomobillə görüş yerinə getdik".

"Ceyhuna hədə-qorxu gəlməmişəm"

Sərxan Əhmədovun sözlərinə görə, iyunun 11-də, saat 22 radələrində Şəki rayonu Oraban kəndinin girişində Ceyhunla görüşüb: "Ceyhun hadisə yerinə "VAZ-2107" markalı avtomobillə gəlmişdi. Məndən pulu istədi, mən də narkotik maddəni aldıqdan sonra pulu verəcəyimi söylədim. Ceyhun narkotik maddəni gətirmədiyini bildirdi və narkotiki gətirmək üçün gəldiyi maşınla geri qayıtdı. Təxminən 20-30 dəqiqədən sonra geri qayıtdı.

Maşına əyləşərək 800 manatı saydım və Ceyhuna verdim. Ceyhun da gəldiyi maşının arxa yük yerindən bir ədəd ağ kisə götürərək mənə verdi. Həmin kisəni öz avtomobilimin arxa yük yerinə qoydum. Bu zaman polis əməkdaşları yaxınlaşaraq Ceyhunu saxladılar".

Sərxan Əhmədov həmçinin ifadəsində heç vaxt Yevlax rayon polis şöbəsinə getmədiyini, Ceyhuna pul borcu olmadığını, Ceyhuna hədə-qorxu gəlmədiyini bildirib.

Şahid qismində dindirilən Xəzər Cəbrayılovun sözlərinə görə, iyunun 11-də Şəki rayon sakini Sərxan Əhmədov polis şöbəsinə ərizə ilə müraciət edərək narkomaniyaya qarşı mübarizə aparmaq istədiyini, Oğuz rayon sakini Ceyhun Süleymanovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və onun ifşa olunmasında polis əməkdaşlarına köməklik etmək istədiyini bildirib: "Bununla bağlı Şəki şəhər-rayon polis şöbəsində bu barədə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildi və əməliyyat qrupunun üzvləri Elçin İsmayılov, Saməddin Kərimov, İlham Məmmədov və Faiq Qasımlı əməliyyat tədbirində iştirak etmək üçün cəlb edildilər.

Sərxana polis şöbəsinin inzibati binasında Ceyhun adlı şəxsdən narkotik vasitə almaq üçün nömrələri əvvəlcədən qeyd olunmuş 800 manat verildi. Sonra Sərxanla birlikdə "Lada Priora" markalı avtomobillə Şəki rayonunun Oraban kəndinin giriş hissəsinə getdik. Digər polis əməkdaşları da başqa bir maşınla arxamızca gəldilər. Oraban kəndinin giriş hissəsində maşını saxladım. Sərxan maşından düşərək Ceyhunla görüşdü. Ceyhun "VAZ-2107" markalı avtomobillə tanımadığımız bir şəxslə oraya gəldi. Sərxan Ceyhunla bir neçə dəqiqə söhbət etdikdən sonra qayıdaraq maşına əyləşdi".

"Ceyhuna heç bir fiziki təsir və təzyiq olmayıb"

Şahidin sözlərinə görə, Ceyhun narkotik maddə gətirmək üçün təzədən geri qayıdıb: "Təxminən 20-30 dəqiqədən sonra Ceyhun yenidən həmin avtomobillə oraya gəldi, Sərxan maşından düşərək yolun kənarında Ceyhuna 800 manat, Ceyhun isə "VAZ-2107" markalı avtomobilin arxa yük yerindən bir ədəd kisə çıxararaq Sərxana verdi".

Xəzər Cəbrayılov ifadəsində həmçinin keçirilən əməliyyatdan, Ceyhun Süleymanovun həbs edilməsindən danışıb: "Sərxanı polis şöbəsinə gətirdik və onun üstündə olan əşyalara hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı Ceyhunun cibindən 800 manat çıxarıldı. Polis şöbəsində olduğu zaman Ceyhuna heç bir fiziki təsir və təzyiq olmayıb, O, səmimi olaraq törətdiyi əməli etiraf edib".

Tərəfləri dinləyən hakim heyəti sonda Ceyhun Süleymanovun apelyasiya şikayətini təmin etməyib. Prokurorluğun protesti isə təmin olunub. Qərara görə, Ceyhun Süleymanovun cəzası 8 ilə qədər artırılıb.

Hacı Zeynalov


Müəllif: