Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvləri - rayon sakinləri Rəşad Tahirov və Akif Mustafayev tutulublar.
Teleqraf.com xəbər verir ki, noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayev həmyerliləri Vüsal Bəşirovla görüşüb və kirayədə yaşadıqları evə apararaq Araz Musayevə borcu olduğu üçün onu döyüblər.
Həmçinin Vüsal Bəşirovun əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparıblar.
Bundan sonra Rəşad Tahirov Vüsal Bəşirovun ayaqlarını tutub, Araz Musayev isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıblar.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Musayev şübhəli şəxs qismində tutulub.
Hacı Zeynalov