Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Fərid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi 21 sentyabr 2014-cü ildə, saat 22.00-da qeydə alınıb. Fərid Məmmədov atası Novruza məxsus, etibarnaməsiz idarə etdiyi “Mercedes Benz-C180” markalı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Dəmiryol vağzalı istiqamətdə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub.
Fərid Məmmədov idarə etdiyi avtomobillə qoşa xətt üzərində dayanmış piyadalar Fazil Verdiyev və onun həyat yoldaşı Nəzirə Verdiyevanı vurub. Hadisə vaxtı hər iki piyada ölüblər.
Fərid Məmmədov piyadaları vurduqdan sonra həmin vaxt yolun sol hissəsi ilə hərəkətdə olan Ruslan Kazımovun sürdüyü “Hyundai Accent” markalı və yolun kənarında dayanmış Emin Hüseynova məxsus “Mercedes G320CDİ” markalı avtomaşını vurub.
Nəticədə Fərid Məmmədov Ruslan Kazımova 1410 manat və Emin Hüseynova isə 7100 manat dəyərində maddi ziyan vurub.
Fərid Məmmədov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. İbtidai istintaq və məhkəmə araşdırması zamanı Fərid Məmmədov zamində olub. Məhkəmə hökm qəbul edən zaman onun barəsində seçilmiş həbs qəti imkan tədbirini ləğv edib və onun barəsində həbs qərarı çıxarılıb. O, məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan Fərid Məmmədov apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan qərarın çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov