“Texnikabank”ın Bakı filialının rəhbərinin 81 nəfərin pulunu mənimsəməsi ilə bağlı apelyasiya şikayəti üzrə yenidən məhkəmə prosesi başlayır. Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifovun atası Zakir Yusifovun şikayəti əsasında iş materiallarının apelyasiya instansiyasına qaytarılması barədə Ali Məhkəmə qərar qəbul edib.
Əldə etdiyimiz məlumata görə, iş materialları artıq baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Şikayət hakim Əmir Bayramovun icraatına verilib. Apelyasiya şikayətinə dekabrın ilk ongünlüyündə baxılması gözlənilir.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il həbs cəzası alan Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur. Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına qaytarıb.
Məsələnin absurd tərəfi odur ki, iş üzrə həbs olunan şəxslərin cəzalarının yarıdan çoxu demək olar, çəkilib. Amma iş üzrə zərərçəkmiş 81 nəfərin ziyanı ilə bağlı kiməsə bir manat da olsa, ödənilməyib. Belə çıxır ki, vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslərin bir neçə ildən sonra heç kəsin zərərini ödəmədən azadlığa çıxması mümkün olacaq.
Buna misal olaraq qeyd etmək istəyirik ki, Zal Yusifovun oğlu İslam Yusifov cəzasının yarıdan çoxunu çəkdiyi üçün məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı. Amma iş üzrə zərərçəkmişlərin şikayətindən sonra prokurorluq kassasiya protesti verərək, İslam Yusifovun yenidən həbsxanaya qayıtılmasına nail olmuşdu.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov dələduzluq əməllərinə oğlu İslam Yusifovu da cəlb edib. İslam Yusifov dələduzluq əməllərinin birbaşa iştirakçısı olub.
Bundan başqa, Zakir Yusifovun bu işdə hiyləgərliyi də üzə çıxıb. O, dəfələrlə bu cinayət üzrə məhkəmə işini uzatmaqla zərərçəkənlərə dəymiş ziyanın ödənilməsinin qarşısını alır. Zakir Yusifov hər dəfə kasasiya şikayətinin verilmə müddətinin başa çatmasına az qalmış yenidən məhkəməyə müraciət edir və hansısa yollarla qərarın öz xeyrinə həll olunmasına nail olur...
Bundan bir neçə ay əvvəl mülki hissə ilə bağlı kasasiya şikayəti verən Zakir Yusifov həmin vaxt heç bir səbəb göstərmədən şikayətini geri götürmüşdü. Bundan sonra Ağır Cinayətlər Məhkəməsi Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsinə məktubla müraciət olunub. Artıq Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə başlanılıb. Bundan sonra Zakir Yusifov təkrar Ali Məhkəməyə müraciət edərək, əmlak məsələsi ilə bağlı hissədə işi ləğv etdirir və işin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınır.
Nəticədə isə zərərçəkmişlərə dəymiş ziyan ödənilmir. İnsanların əsəbləri tarıma çəkilir, zərərçəkmişlərin pullarının qaytarılması üçün nəzərdə tutulan “Humay” şadlıq evində isə Zakir Yusifov arxayın şəkildə bizneslə məşğul olur, şadlıq evi vasitəsi ilə hər il pul qazanıb varlanır...
Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev məsələ ilə bağlı Teleqraf.com-un sualını cavablandırarkən bildirib ki, əmlakın cinayət yolu ilə əldə etməsi ilə bağlı hissə məhkəmədə sona qədər araşdırılmalıdır. Onun sözlərinə görə, cinayət işi üzrə qəbul edilən hökm qüvvədə saxlanılır, amma əmlak məsələsi ilə bağlı olan hissə mübahisələndirilir: “Burada əmlakın cinayət yolu ilə əldə edilməsi ilə bağlı sübutları təkrar nəzərdən keçirmək lazımdır”.
Samir İsayev qeyd edib ki, apelyasiya instansiyasında işə baxan hakimlər əmlakın cinayət yolu ilə əldə etməsi barədə sübutları yenidən toplamalıdır: “Hakimlər sübutların toplanması üçün tərəflərin təqdim etdiyi dəlilləri araşdırmalıdır, zərurət yarananda verilən sorğuları həll etməlidir. Çünki burada mülki işdən söhbət gedir. Mülki iş araşdırılır. Belə olan halda sübut etmək məsələsi tərəflərin üzərinə qoyulur. Cinayət işində sübut etmək məsələsi dövlət orqanının üzərinə qoyulur, mülki məsələni sübut etməksə həm tərəfin, həm də dövlət orqanının üzərinə düşür. İş üzrə zərərçəkmişlər Ali Məhkəmənin qərarını təkzib edən sübutları Apelyasiya Məhkəməsinə təqdim etməlidirlər. Apelyasiya Məhkəməsi həmin sübutları araşdırmalı və ədalətli qiymət verməlidir. Bununla da bundan əvvəlki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsi ilə nəticələnən Ali Məhkəmənin verdiyi qərar aradan qaldırılmalıdır”.
Hacı Zeynalov