Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə yalan verməkdə təqsirli bilinən Kəlbəcər rayon sakini,1970-ci il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İsmayıl Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib. Həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. O, polis tərəfindən saxlanılıb.
İlkin dindirmə zamanı 45 yaşlı İsmayıl Allahverdiyevin bir neçə nəfərə 200 min manatdan çox pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.
Hacı Zeynalov