8 Dekabr 2015 17:09
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun işi üzrə yenidən məhkəmə prosesi başlayacaq.

Prosesin başlanmasına səbəb Zal Yusifovun atası Zakir Yusifovun iddia qaldırması olub. Zakir Yusifov iddia edib ki, məhkəmənin qərarı ilə müsadirə olunan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Bu iddia ilə Ali Məhkəməyə müraciət edən Zakir Yusifov növbəti dəfə işin yenidən apelyasiya instansıyasında araşdırılmasına nail olub.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunan Zal Yusifov istər istintaq dövründə, istərsə də məhkəmə araşdırması zamanı əmlakların özünə məxsus olduğunu bildirib. Buna görə də istintaq orqanı həmin əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul edib, Ağır Cinayətlər Məhkəməsi də həmin əmlakların müsadirə olunması barədə qərar qəbul edib.

Mövzu ilə bağlı “Gündəlik Teleqraf”a açıqlama verən Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, əmlak müsadirəsi ilə bağlı məhkəmənin çıxardığı qərar məcburi xarakter daşıyır:

“Məhkəmə qərar veribsə ki, vətəndaşlara dəymiş ziyan təqsirləndirilən şəxsin əmlakı hesabına ödənilməlidir, bu zaman məhkəmə həmin qərarı icraya yönəldir. Məhkəmə icra vərəqi yazır ki, əmlak müsadirəsi məhkəmə icraçıları tərəfindən icra edilsin. Məhkəmə icrası qərarın icrasını həyata keçirəndə Əmlak Komitəsinə sorğu edirlər. Sorğuda qeyd olunur ki, təqsirləndirilən şəxsin adına daşınan və ya daşınmaz əmlak nə qədərdir, hardadı və hansı ünvandadır. Əmlak Komitəsi cavab verəndən sonra məhkəmə icraçıları əmlak müsadirəsini həyata keçirir. Bundan sonra təqsirləndirilən şəxsin nəinki atası, onun nənəsi, qoca babası da gəlsə xeyri yoxdur. Bu əmlakı mən almışam, mənim adıma olmasını demək boş-boş şeylərdir. Əmlaklar satılmalı və həmin əmlakdan əldə edilmiş pullarla vətəndaşlara dəymiş ziyan ödənilməlidir”.

Mahmud Hacıyev daha sonra qeyd edib ki, məhkəmə əmlakların müsadirə olunması ilə bağlı hissədə işi obyektiv araşdırmalıdır. Hüquqşünas bildirib ki, Ali Məhkəmənin işi əvvəlki kimi ləğv etmək hüququ yoxdur: “Köhnə qanunveriçilikdə Ali Məhkəmə özündən aşağı instansiyanın hökmünü ləğv edilrdi. İndi Ali Məhkəmə işi geri qaytarır. Müəyyən tapşırıqlar yazır. Punktlarda göstərdiyi tapşırıqların yenidən araşdırılmasını istəyir. Qeyd edir ki, göstərilən bu halları nəzərə alın. Bu halların nədən ibarət olduğunu biz bilmirik. Bakı Apelyasiya Məhkəməsində təcrübəli hakimlər var. Mən inanmıram ki, bu işi obyektiv araşdırmasınlar və yaxud səhv etsinlər”.

Mahmud Hacıyev qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsi işə ədalətli baxmalıdır: “Ortalıqda 81 nəfər zərərçəkmişdən söhbət gedir. Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər əvvəlki qəbul etdikləri qərarı nəzərə almalıdır. Apelyasiya Məhkəməsinin hakimləri Ali Məhkəmənin də tapşırıqlarına əməl etməklə işi geri qaytarmalıdır. Çünki 81 nəfər zərərçəkmişə dəymiş ziyan tam ödənilməlidir”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər