Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Zaqatala rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətlərindən Teleqraf.com-a verilən nəmlumata görə, noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanmış, hadisə yerinə baxış keçirilmiş, cinayətin aləti olan balta maddi sübut kimi götürülmüş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.
Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlətmiş, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparmış, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum etmişlər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanmışdır.
A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olmuş, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizlənmişlər. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb edilmişlər.
R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.