Bakıda ağır cinayət hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra 8 mikrorayondakı Nizami Nərimanov küçəsində yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal hadisə yerini tərk edib. Qadın təcili tibbi yardım briqadası tərəfindən yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin 28 yaşlı Gülnar Axundovanın həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
Samir Axundov isə Gülnar Axundovanı bıçaqladıqdan sonra öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Cinayətin motivi hələlik məlum deyil.