17 Dekabr 2015 18:58
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov tanışı Elnarə Məmmədovanı öldürməyə cəhd edib. Nizaməddinin başqasının ailə işlərinə qarışması onun uzun illər həbsxana həyatı yaşamasına səbəb olacaq.

Nizaməddin bu cinayəti törətməmişdən bir neçə ay əvvəl həbsxanadan çıxıbmış. O, hərbi xidmətdə olduğu dövrdə barəsində cinayət işi başlanıb. Bakı Hərbi Məhkəməsinin 12 mart 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.3-cü (zabit heyətindən olan şəxsin, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması) maddəsi ilə təqsirli bilinib və 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını başa vuran Nizaməddin yaşadığı Daşkəsən rayonuna gəlib, yaxın qohumu Elnarənin ailə işlərinə qarışıb. Bu da sonda onu yenidən həbsxanaya qayıtmasına səbəb olub.

Nizaməddin Bayramov 3 fevral 2015-ci il tarixdə, saat 12 radələrində sərxoş vəziyyətdə Elnarə Məmmədovanın yaşadığı Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yerləşən evinə gəlib. O, guya Elnarənin rayonun Alunitdağ qəsəbəsində yaşayan valideynlərinin xahişi ilə azyaşlı uşağını aparmalı olduğunu bəhanə edib və uşağını istəyib.

Elnarə Məmmədova da Nizamədinin bu istəyindən imtina edib. Bu zaman köhnə tanışlar arasında mübahisə və dava yenidən başlayıb. O, azyaşlı övladı Ümidin gözləri qarşısında Elnarəni əvvəl yumruqla sifətindən, sonra isə odun parçası və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub.

Nizaməddin daha sonra sintetik materialdan olan ipi Elnarə Məmmədovanın boğazına salaraq boğmaq istəyib.

Nizaməddin Bayramov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə sağlamlığa xəsarət yetirmə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Nizaməddin Bayramov bildirib ki, fevralın 3-də Elnarənin evinə gəlmədiyini və ona qarşı hər hansı bir cinayət xarakterli hərəkətə yol vermədiyini göstərib. Onun sözlərinə görə, 31 yanvar 2015-ci il tarixdə uşaq məsələsi ilə əlaqədar Elnarəgildə olub: “Elnarə uşağını valideynlərimə göndərmək istəmədiyini dedi. Bundan sonra mən də öz evimə getmişəm. Elnarə ilə aramda hər hansı dava-dalaş, narazılıq olmayıb və olması üçün əsaslar mövcud deyil”.

İş üzrə zərərçəkmiş Elnarə Məmmədova ifadəsində göstərib ki, fevralın 3-də Nizaməddin Bayramov onlara gəlməyib və onların arasında heç bir söhbət, münaqişə olmayıb. O, ifadəsində Nizaməddin Bayramovun qeyd olunan hadisədən 3 gün əvvəl onlara gəldiyini etiraf edib. O, bildirib ki, Nizaməddin həmin gün valideynlərinin uşağı istədiyini deyib.

Elnarə Məmmədovanın sözlərinə görə, uşağı valideynlərinə göndərmək istəmədiyi deyib və bundan sonra da Nizaməddin gedib: “Fevralın 3-də məni qaynanam Mahirə vuraraq xəsarət yetirib. Bunun səbəbi isə ərim Elnurla və qaynanam Mahirə ilə aramızda olan ciddi narazılıq, boşanma məsələsi olub”.

Məhkəmə prosesi zamanı şahid qismində dindirilən Elnarənin valideynləri Qalib Ələsgərov və Mirvari Alıyeva bildiriblər ki, qızlarının qaynanası Mahirə tərəfindən döyüldüyü barədə məlumatı onlara qızları Elnarə özü deyib.

Hakimlər şahid ifadələrini dinlədikdən, sübutları araşdırdıqdan sonra hökm elan ediblər. Nizaməddin Bayramovun cinayəti törətməsi tam sübuta yetirilib və onun barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən narazı qalan Nizaməddin Bayramovun vəkili Yolçu Abbasov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, müdafiə etdiyi şəxsin əməli sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılmalıdır.

Vəkilin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayəti üzrə qərar elan olunub. Hakim heyəti Nizaməddin Bayramovun vəkilinin şikayətini əsassız hesab edib.

Hacı Zeynalov


Müəllif: