Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham olunan Elnur İsmayılovun cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi bu ilin aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Çiçək Alıyevanı Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra Elnur İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
1967-ci il təvəllüdlü Çiçək Alıyevanı öldürən şəxs qeyri-rəsmi əri olan Elnur İsmayılovdur. Həmin E.İsmayılov 2007-ci ildə ölkə gündəmini silkələyən tükürpərdici qətldə təqsirli bilinərək həbs edilib. Söhbət Dəvəçi (Şabran) rayonunda itkin düşən, daha sonra qətlə yetirildiyi üzə çıxan iki azyaşlı bacı – Nailə və Reyhanənin ölümündən gedir.
Ç.Alıyevanı öldürən E.İsmayılov məhz bu qız uşaqlarının ölümündə təqsirləndirilən qardaşlardan biridir. Mənbənin qeydlərinə görə, E.İsmayılov Ç.Alıyevanı döyərək öldürüb. Həmin vaxt qadının baş və sifət nahiyəsində gematomalar olub. Ç.Alıyeva xərçəng xəstəliyindən əziyyət çəkib, başında şiş olub. Elnur isə onu elə başından vuraraq öldürüb.
Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük həbs cəzası, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət, 221.2.1 (xuliqanlıq) maddəsiylə isə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq, 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdi.
İttiham olunan İsmayılov qardaşlarının Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları üzə çıxdı. Nailənin meyiti Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlandı. Reyhanənin meyiti isə tapılmadı.
Hacı Zeynalov