Qəsdən adam öldürməyə cəhd və quldurluqda ittiham olunan Quba rayon sakini, 1989-cu il təvəllüdlü İbrət Yasinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İbrət Yasinov 22 avqust 2013-cü il tarixdə, saat 15.54 radələrində sərxoş vəziyyətdə, tanışı Rasim Xaspoladovun idarə etdiyi "Volkswagen Golf" markalı avtomaşınla Quba rayonunun Küçeyi kəndinə gedib.
O, Quba rayonu ərazisindəki Cağacıq-Talabıqışlaq kənd yolunda 3000 manat dəyərində olan həmin avtomaşını ələ keçirmək istəyib. Təqsirləndirilən şəxs bu məqsədlə avtomaşının sürücü Rasim Xaspoladova basqın edib. Cibində saxladığı bıçağı çıxararaq sürücünün bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
Rasim Xaspoladov özünü müdafiə etmək məqsədilə avtomobilin sürətini azaldıb və avtomobildən bayıra atılıb. İbrət Yasinov yerə atılan sürücüyə "öl" deyə bağırıb və əlindəki bıçaqla yenə də vurmaq istəyib. Bu zaman Rasim yolun kənarındakı alma bağında işləyən Xanbala İsgəndərov və Şahin Heybətovun olduğu tərəfə qaçıb. Buna görə İbarət cinayəti başa çatdıra bilməyib və avtomobili sürərək oradan uzaqlaşıb.
Hadisə şahidləri Rasim Xaspoladovu xəstəxanaya çatdırıblar.
İbrət Yasinov Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilib.
"Sənin heç bəxtin yoxdur"
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrət Yasinov 12 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İbrət Yasinov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinməsini, həmin maddənin sanksiyasından da aşağı həddə cəza təyin edilməsini istəyib.
İbrət Yasinovun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən İbrət Yasinov deyib ki, Rasim Xaspoladov öz maşınında taksi kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, avqustun 22-də, günorta saatlarında Rasimə zəng vurub, avtomaşını ilə onu kəndə aparmasını istəyib: "İlk dəfə zəng vuranda Rasim işi olduğunu bildirdi. Bu səbəbdən bir qədər sonra ona yenidən zəng vurdum. Bundan sonra Rasim avtomaşını ilə Xaçmaz şəhərinə, razılaşdığımız yerə gəldik.
Orada Rasimin avtomaşınına əyləşdim və birlikdə yola düşdük.
Bir qədər getdikdən sonra pivə almaq üçün yolda avtomaşını saxlatdırdım. İki şüşə pivə aldım, onlardan birini tamamilə, digərinin isə yarısını avtomaşın hərəkətdə olarkən içdim. Maşın yolun asfalt hissəsindən daşlı hissəsinə keçdi. Rasim yolda qanı qara halda kəndə getməyimin səbəbini soruşdu.
Rasimi altı ilə yaxın tanıdığımdan və onu özümə yaxın bildiyimdən ailə problemimin olduğunu, qayınatamla təxminən iki-üç gün əvvəl mübahisə etdiyimi bildirdim. Bundan sonra Rasim mənə "sənin heç bəxtin yoxdur ki, atanla anan ayrılıb, indi də belə..." dedi. Rasim daha sonra qayınatama "var-yox" söyüşü ilə söydü. Hesab etdim ki, qayınatama söyülən söyüş həyat yoldaşıma da çatır".
"Rasimi neçə dəfə vurduğumu xatırlamıram"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Rasimdən qayınatasını niyə söydüyünü soruşub: "Rasim "əşşi" deyərək, əlini aşağı saldı. Rasim əvvəl də qayınatamı işlədiyim mağazanın qarşısında söyüb. Həmin hadisədən bir müddət əvvəl qayınatamın ya bacısıoğlu, ya qardaşıoğlu ilə Rasimin arasında oğurluq məsələsi olub. Qayınatamın qohumu həbs edilib, Rasimin dediyinə görə isə, onun 3000 manat xərci çıxıb. Bu səbəbdən Rasimin həmin şəxsə, eyni zamanda qayınatama qarşı incikliyi yaranıb.
Mağazanın qarşısında bu səbəbə görə Rasim həmin oğlanın nəslini söyüb və həmin söyüşün qayınatama da çatdığı qənaətinə olmuşam. Buna görə də həmin söyüşü götürməmişəm. Rasimə bir də belə söz işlətməməsini dedim, o da məndən üzr istədi.
Onun maşında yenidən qayınatamı söyüb, sonra da "əşşi" deməsindən sonra özümdən asılı olmayaraq bıçaq çıxararaq onu vurdum. Həmin vaxt əsəbi olduğum üçün Rasimi neçə dəfə vurduğumu dəqiq xatırlamıram. Bıçaq zərbələrindən sonra Rasim özünü avtomaşından aşağı atdı. Mən isə tez tormoza basaraq avtomaşını saxladım.
Maşının sükanını fırlatdım və saxladım. Geri qayıdaraq Rasimi götürmək istədim, onun bağda olan "Qazel" markalı maşına tərəf getdiyini gördüm. Onun xəstəxanaya çatdırılacağından arxayın düşüb oradan uzaqlaşdım".
"Qayınatam əlimin qanlı olduğunu gördü"
Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, onun zərərçəkmişi öldürmək niyyəti olmayıb: "Əgər belə bir niyyətim olsaydı, onu insanların çox olduğu bağın 50 metr yaxınlığında deyil, kənar yerdə vurardım. Həbs olunacağımı bildiyimdən qayınatamgilə getdim. Baş verənləri həyat yoldaşıma bildirmək istədim. Qayınatam qarşıma çıxdı, onun çəkilməsini və yoldaşımla görüşmək istədiyimi bildirdim.
Qayınatam əlimi qanlı gördü, mənə bir söz demədi, yalnız bir az söydü. Mən isə qayınatama qulaq asmağa vaxtım olmadığını bildirdim. Yoldaşımla görüşdüm, sonra oranı tərk etdim. Heç nənəmgilə də baş çəkə bilmədim. Özümü öldürmək üçün sakit yer axtardım. Lakin ətrafda çox adam olduğundan, buna imkanı olmadı. Yoldaşımla telefonla danışdım, yenidən onu görmək üçün oraya getmək istədim. Bu məqsədlə avtomaşına mindim və sonra arxadan polis əməkdaşlarının gəldiyini gördüm.
Maşının sürətini azaltdım, qarşıdakı döngəni dönərək dayandım. Polis əməkdaşları qollarımı bağlayaraq apardılar".
"Məqsədim küsülü gedən həyat yoldaşımı gətirmək olub"
Təqsirləndirilən şəxs özü ilə bıçaq götürməsinin səbəbini belə izah edib: "Qayınatagildə əleyhimə olan qohumlar sayca çox idi. Tək olmağımı, həmin şəxslərin mənə hücum etmə ehtimalını nəzərə alıb, özümü müdafiə niyyəti ilə bıçaq götürmüşəm. Qayınatamgilə getməkdə məqsədim küsülü gedən həyat yoldaşımı gətirmək olub".
İbrət Yasinovun sözlərinə görə, həyətlərində atasına və özünə məxsus iki avtomaşın olub: "Atam Rusiya Federasiyasında yaşadığından hər iki maşını özüm idarə etmişəm. Birini sonradan satmışam, ümumiyyətlə avtomaşın həvəskarı olmamışam. Avtomaşını qaçırmaq niyyətimdə olmayıb. Zərərçəkmişi vurmaq əvəzinə, pul verərək, onu mağazaya pivə almağa göndərərdim, maşını isə həmin an qaçırardım. Bundan başqa, gecə saatlarında içkili vəziyyətdə birlikdə Nabrana getdiyimiz zaman Rasimi vurardım. Həmin vaxt onun avtomaşınını qaçırmaq imkanım da olub".
Zərərçəkmiş Rasim Xaspoladov bildirib ki, İbrət Yasinov əvvəllər də taksi kimi idarə etdiyi ona məxsus "Volkswagen Golf" markalı avtomaşından sərnişin kimi istifadə edib. Onun sözlərinə görə, avqustun 23-də, günorta saat 1 radələrində İbrət ona zəng edib, gedəsi yeri olduğunu bildirib: "İbrət məni Xaçmaza çağırdı. Evdə qonağım olduğu üçün 10-15 dəqiqəyə gələcəyimi dedim, bir qədər sonra İbrət yenidən zəng vurdu. Avtomaşınımla Xaçmaza gəldim. İbrətin piyada gəldiyini gördüm. O, avtomaşına əyləşdi. Yolda maşını Quba rayonu, Küçeyi kəndinə sürməyimi istədi, başqa heç nə demədi, yalnız mahnıya qulaq asdı. Sonra İbrət çölə çıxması üçün məndən maşını saxlamağımı istədi. Maşını saxlamaq istədiyim an İbrət qəfildən bıçaq çıxararaq məni vurdu".
Zərərçəkmiş şəxs qeyd edib ki, İbrətin əlindən çıxaraq yaxınlıqda olan bağa qaçıb: "Orada olan adamlara səsləndim, həmin şəxslərdən mənə kömək etmələrini, təcili yardım çağırmalarını xahiş etdim. Firuz adlı bir nəfər məni şəxsi avtomaşını ilə Quba rayon Müalicə Diaqnostika Mərkəzinə gətirdi. İbrət isə bağdakı adamları görərək oradan həmin avtomaşınla uzaqlaşdı. Daha İbrəti görməmişəm, yalnız onun tutulduğunu öyrəndim".
Tərəfləri dinləyən hakim heyəti sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətini qismən təmin edib.
Məhkəmə heyəti onun ittiham olunduğu Cinayət Məcəlləsnin 29,120.2.11 və 181.3.3-cü maddələrini dəyişdirib. Məhkəmə onu Cinayət Məcəllənin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələri ilə ittiham edib və cəzasını 10 ilə endirib.
Hacı Zeynalov