22 Dekabr 2015 10:56
483

Bakı Apelyasiya Məhkəməsində Xəzər rayon sakini, 1938-ci il təvəllüdlü Tofiq Bağırovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, A.Musayev küçəsindəki döngə 7, ev 43-də yaşayan 1973-cü il təvəllüdlü Emin Rzayev qarının sol yarısının daxilə nüfuz edən yarası ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq səhəri gün o keçinib.

Araşdırmaya başlayan Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi və prokurorluq əməkdaşlarına mərhumun yaxınları ilkin olaraq Emin Rzayevin özünə xəsarət yetirməsini bildirsələr də, iş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə ona xəsarətin kənar şəxs tərəfindən yetirilməsi məlum olub.

Hadisədən sonra Gəncə şəhərində yaşayan qızı Azadənin evinə gedən mərhumun qayınatası Tofiq Bağırov aprel ayın 29-da Bakıya qayıdaraq Maştağa qəsəbəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə təslim olub və hadisə barədə məlumat verib, oradan isə onu 2-ci polis bölməsinə aparıblar.

İstintaqla müəyyən edilib ki, hadisə baş verən gün Emin Rzayev qayınatası Tofiq Bağırovu yaşadığı otağa salıb, ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir edib, cavab olaraq Tofiq Bağırov ona atası yaşında olduğunu deyib və söyüşlərini irad tutub.

Bundan əsəbiləşən Rzayev digər otaqda olan vintaçanı götürərək onun üzərinə gəlib, Tofiq kürəkəninin onu vuracağını güman edərək, masanın üstündə olan bıçağı götürüb, sonuncunun qarın nahiyəsinə bir zərbə endirib.

Tofiq Bağırov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Tofiq Bağırov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Bağırovun hadisəni törədən zaman anlaqı olub-olmamasını yoxlamaq məqsədilə tibbi ekspertizanın təyin edilməsi barədə vəsatət verilib.
Hakim kollegiyası vəsatəti təmin edib və iş üzrə ekspertiza təyin edilib.

Hacı Zeynalov


Müəllif: