23 Dekabr 2015 11:43
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində sərxoş vəziyyətdə polis əməkdaşlarına tabe olmamaqda günahlandırılan Ağdaş şəhər sakini, 1963-cü il təvəllüdlü Aydın Əlməmmədovun işinə baxılıb.

Qeyd edək ki, Aydın Əlməmmədov 10 noyabr 2015-ci il tarixdə, saat 22.00-da polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham edilib. Şəki Rayon Məhkəməsinin qərarı ilə 4 gün müddətinə həbs edilib.

Məhkəmənin qərarından narazı qalan Aydın Əlməmmədov apelyasiya şikayəti verərək, qanunsuz olaraq həbs edildiyini, onu həbs edən polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini istəyib.

Məhkəmədə izahat verən Aydın Ələmmədov bildirib ki, noyabrın 10-da, Mübariz adlı tanışı ilə Şəki şəhərində yerləşən çayxanalardan birində oturublar: "Çayxanada hərəmiz bir bakal pivə içdik. Sonra təxminən saat 22 radələrində polis əməkdaşlarının Şəki şəhərində yerləşən "XalqBank"ın yanındakı çayxananın qarşısında tanışım Mübarizlə söhbət səslərini eşitdim. Buna görə də çayxanadan çölə çıxdım.

Polis əməkdaşlarına yaxınlaşaraq məsələni yerindəcə həll etmələrini təklif etdim. Lakin polislər onların işinə müdaxilə etməməyimi istədilər. Polis əməkdaşları ilə aramızda anlaşılmazlıq və yüngül mübahisə yarandı. Lakin həmin vaxt heç bir nalayiq ifadə işlətməmişəm.

Polis əməkdaşları ilə yüngül mübahisə mənim barəmdə inzibati xəta haqqında protokolun tərtibi üçün əsas ola bilməzdi. Bu səbəbdən də barəmdə tərtib edilmiş protokolla razı deyiləm".

Şəki şəhər-rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Hümmət Qədirov bildirib ki, Aydın Əlməmmədov noyabrın 10-da, saat 22.00 radələrində Mübariz adlı şəxsi intizama dəvət edən polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edib, ucadan nalayiq ifadələr işlədib.

Polis zabitinin sözlərinə görə, ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşaraq Aydın Əlməmmədovu sakitləşdirərməyə cəhd göstərsələr də, o öz hərəkətlərini davam etdirib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçırıb. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Məhkəmə iclasında şahid qismində dindirilən Şəki Polis Şöbəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri Cabir Alıyev qeyd edib ki, noyabrın 10-da iş yoldaşları Kənan Səmədov və Bəhruz Məmmədovla birlikdə Şəki şəhəri ərazisində xidmət aparıb: "Həmin gün saat 22 radələrində xidmət zamanı Mübariz adlı şəxsin "VAZ-2106" markalı avtomaşını yolun əks hərəkət zolağı ilə idarə etməsinin şahidi olduq. Bu səbəbdən həmin avtomaşının arxasınca gedərək onun "XalqBank"ın yanındakı çayxananın qarşısında dayandığını gördük və yaxınlaşaraq avtomaşını yolun əks hərəkət zolağı ilə idarə etməsinə irad tutduq.

Bu zaman Aydın Əlməmmədov çayxanadan çıxaraq bizə yaxınlaşdı və bizə irad tutaraq kobudluq etdi. Ondan polisin qanuni fəaliyyətinə müdaxilə etməmək tələbimizə baxmayaraq, buna məhəl qoymadı, ucadan nalayiq ifadələr işlətdi. Aydın Əlməmmədov "Azərbaycanda qanun yoxdur", "qanun işləmir" sözlərini təkrarladı. Bu səbəbdən də onu kömək məqsədi ilə dəvət edilmiş polis əməkdaşlarının yardımı ilə polis şöbəsinə gətirdik".

Hakim heyəti tərəflərin izahatını dinləyəndən sonra Aydın Əlməmmədovun apelyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər