Ali Məhkəmədə həbsdə olan kriminal avtoritet “Lotu Quli”nin vəkili Kamandar Rəfi oğlu Nəsibovun kasasiya şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Kamandar Nəsibovun kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib. Hökmdən narazı qalan Kamandar Nəsibov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun apelyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı ondan “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.
Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham verilib.
Hacı Zeynalov