26 Dekabr 2015 21:59
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Kamal Dəmirov sərxoş vəziyyətdə həmyerlisi Tehran Qasımovu öldürməyə cəhd edib. Hadisə 27 dekabr 2014-cü il tarixdə, saat 20 radələrində rayonun Qarabağlar kəndində çayxanada baş verib.

Kamal Dəmirov çayxanada Tehran Qasımovla heç bir əsaslı səbəb olmadan mübahisə edib. O, içəridə Tehranı söyərək təhqir edib, sonra küçəyə çıxıb. Kamal çayxananın qarşısında yerləşən avtobus dayanacağında Tehrana bıçaqla bir neçə zərbə vurub.

Yaralı aldığı xəsarətlə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Göyçay polisi Kamal Dəmirovu həbs edib.

Kamal Dəmirov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Kamal Dəmirovun cəzasının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxs də cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Hər iki şikayət Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rövşən Rəfiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vidadi Cabbarov bildirib ki, məhkəmə Kamal Dəmirovun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini əsassız olaraq yüngülləşdirilən hal kimi nəzərə alıb: “Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etməkdə səhvə yol verib. Ümumiyyətlə, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozub. Həmin halın məhz nəyə görə cəzanı yüngüiləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmayıb”.

Prokuror çıxışında Kamal Dəmirovun 2003-cü ildə məsuliyyətə cəlb edilməsindən də danışıb. O, qeyd edib ki, təqsirləndirilən şəxs həmin vaxt 2 nəfər yaxın qohumuna odlu silahdan atəş açıb və bu səbəbdən Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə məhkum edilsə də, islah olunmayıb: “Göstərilən hallar təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, təhlükəlilik dərəcəsini, şəxsiyyətini və təqsirləndirilən şəxsin cinayətkar xislətini ehtiva edir. Lakin məhkəmə kollegiyası tərəfindən Kamal Dəmirova cəza təyin edilərkən qeyd etdiyim hallar kifayət qədər aydınlaşdırılmayıb”.

Prokuror çıxışının sonunda Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Kamal Dəmirova ittiham olunduğu maddə üzrə daha ağır cəzanın təyin edilməsini istəyib.

Daha sonra Kamal Dəmirovun vəkili Emil Əliyev çıxış edib. O, bildirib ki, birinci instansiya məhkəməsi Kamal Dəmirova təyin etdiyi cəza həddindən artıq ağır olub: “Hesab edirəm ki, birinci instansiya məhkəməsi hökm çıxararkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58,3-cü maddələrinin tələblərini nəzərə almayıb. Kamal Dəmirov həm məhkəməyədək icraatda, həm də birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən birmənalı olaraq törətdiyi cinayəti etiraf edib, əməlindən peşman olduğunu bildirib.

Eyni zamanda iş materiallarından müəyyən olunub ki, Kamal Dəmirov yaşayış yeri üzrə müsbət xarakterizə olunub və onun törətdiyi əməldə cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə praktikasında şəxsin əməlindən peşman olub, törətdiyi cinayəti etiraf etməsi onun daha tez islah olunmasını şərtləndirən amil kimi qəbul edilir. Belə şəxslər tez islah olunmağa meyilli olduqları üçün məhkəmələr onların barəsində təqsirləndirildikləri maddənin aşağı həddindən də az cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edirlər. Birinci instansiya məhkəməsi qeyd etdiklərimi nəzərə almayıb. Nəticədə Kamal Dəmirova həddindən artıq ağır cəza təyin edib".

Vəkil daha sonra qeyd edib ki, Kamal Dəmirov zərərçəkmiş şəxslə barışıb, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur: “Həm bu halın, həm törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıq keçirməsi, həm yaşayış yeri üzrə müsbət xarakterizə olunması, həm də cəzanı ağırlaşdıran halların yoxluğu yüngülləşdirici hallar kimi qiymətləndirilməlidir.

Qeyd olunanlar sübut edir ki, birinci instansiya məhkəməsi Kamal Dəmirova cəza təyin edərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sosial ədalətin bərpası prinsipini pozub. Birinci instansiya məhkəməsi hazırkı işə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin məqsədəmüvafiq olub-olmamasını müzakirə etməyib".

Vəkil çıxışının sonunda prokurorluğun protestinin əleyhinə qərar verilməsini, öz apelyasiya şikayətinin təmin edilməsini istəyib. Hakim kollegiyası heç bir tərəfin şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər