1976-cı il təvəllüdlü Ruhanə Şükürova 70 yaşlı Şəfiqə İbrahimovanı qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, Ruhanə Şükürova Sumqayıt şəhəri, Hacı Zeynalabidin Tağıyev qəsəbəsində böyüyüb və yaşayıb. O, məktəb illərindən qadın bərbərliyinə maraq göstərdiyindən bu sənətə yiyələnib.
Öz sahəsində adla tanınan Ruhanə qəsəbədə gözəllik salonunda işləyib. O, yaşadığı evin yaxınlığında qonşuluqda olan 70 yaşlı Şəfiqə İbrahimova ilə tanış olub. Şəfiqə xanım Ruhanədən həftədə iki dəfə evə gələrək ona xidmət göstərməsini xahiş edib. Ruhanə bununla razılaşıb.
Övladlarına inanmadı, rəfiqəsinə inandı
Sonradan onların arasında dostluq münasibəti yaranıb. Şəfiqə İbrahimova Ruhanəyə övladlarından da çox etibar edib. O, Rusiyaya gedəndə 2000 dollar pulunu da saxlam üçün övladlarına deyil, Ruhanəyə verib.
Şəfiqə İbrahimova Rusiyadan qayıdandan sonra Ruhanədən saxlamağa verdiyi pulları geri istəyib. Həmin vaxta artıq pullar Ruhanədə olmayıb. Bundan sonra bərbərlə müştəri arasında münasibətlər pozulub.
Pulu mənimsəyən Ruhanənin onu qaytarmaq fikri olmayıb. O, hətta pulu qaytarmamaq üçün müştərisini qətlə yetirmək qərarına gəlib.
Cinayətin izini itirmək üçün evi yandırdı
Saçını rəngləmək üçün Şəfiqə İbrahimovanın evinə gələn Ruhanə arxadan qadına yaxınlaşaraq mətbəx bıçağı ilə ona zərbələr endirməyə başlayıb. Qadın yerə yıxılandan sonra Ruhanə saçından tutaraq onun başını kəsib. Törətdiyi cinayətin izini itirmək məqsədi ilə daha sonra evi yandırıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən Ruhanə Şükürova saxlanılaraq istintaqa təhvil verilib.
Aparılan istintaqın yekununda Rüuanə Şükürovanın əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla tamah məqsədi ilə qəsdən adam öldürmə) və 186-cı (əmlakı məhv etmə) maddələri ilə qiymətləndirilib.
2000 manata görə adam öldürərlər?
Ruhanə Şükürovanın əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işi məhkəməyə göndərilib. Məhkəmədə ifadə verən Ruhanə qətl hadisənin onun tərəfindən törədildiyini etiraf edib. Təqsirləndirilən şəxs bildirib ki, o, pulu mənimsəməyib: “Şəfiqə xanım 2 min dolları mənə saxlamağa verdi, mən də alıb plaşımın cibinə qoydum. Evə çatanda həmin pulların cibimdə olmadığını gördüm. Şəfiqə İbrahimova Rusiyadan qayıdandan sonra pulunu tələb etdi. Mən pulu qaytarmaq üçün vaxt istəsəm də, o, mənə gün verib, işıq vermirdi ki, pulumu tez qaytar”.
Ruhanə Şükürova bildirib ki, 70 yaşlı qadın müştərisi ona əxlaqsız təklif edərək yaxınlıq etmək istədiyini bildirib. Bu təklifdən sonra da o, özünü təhqir edilmiş hesab edərək onu qətlə yetirib.
Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ruhanə Şükürova 14 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarıdan çoxunu həbsxanada çəkən Ruhanə Şükürova vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edib.
Pentensiar Xidmətin 4 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Ruhanə Şükürovanın ərizəsinə Xətai Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim Ruhanə Şükürovanın ərizəsini təmin edib və onun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar verilib.
Həmin qərardan Baş Prokurorluq narazı qalıb. Prokurorluğun Ruhanə Şükürovanın yenidən həbsxanaya qaytarılması barədə protesti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Rühanə Şukürovanın barəsində verilmiş protest təmin edilməyib.
Hacı Zeynalov