Prokuror: “Təqsirləndirilən şəxs sözün həqiqi mənasında ona çörək verən qonşusunun inamına xəyanət edib”
Şəki Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Muğan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Muğan Səfərov bu il mayın 13-də saat 22 radələrində Elgiz Quliyevin yaşadığı Gülövşə kəndindəki evində heç kimin olmamasından istifadə edərək hasarın üstündən həyətə keçib. O, mənzildən 10095 manatı oğurlayıb.
Muğan Səfərov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 5 il 7 ay şərti cəza alıb. Daha sonra həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq hökmün ləğvini və təqsirləndirilən şəxsin həbsini istəyib.
Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vidadi Cabbarov bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2015-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi barədə müddəa hökmdən xaric edilməli və Muğan Səfərova cəza təyin olunmalıdır: “Məhkəmə tərkibi Muğan Səfərovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılığını, zərərçəkmişlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib. Buna görə də Muğan Səfərova təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza kəsib, eyni zamanda əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək şərti məhkumetmə barədə qərar qəbul edib. Ümumiyyətlə, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir.
Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmayıb. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbulu motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməyib. Məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində yalnız Muğan Səfərovun törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb".
Prokuror əlavə edib ki, Muğan Səfərov ona ailəsini dolandırmağa əlindən gələn köməyi edən, sözün həqiqi mənasında ona çörək verən, yaxın bilərək ona evinə gediş-gəlişi imkanı yaradan qonşusu Elgiz Quliyevin inamına xəyanət edib: “Muğan Səfərov Elgiz Quliyevin hadisə baş verən gün evdə olmadığını özündən xəbər alıb və onun evindən oğurluq etmək qərarına gəlib. Bu məqsədlə hasardan aşaraq evə daxil olub, dəmir şkafın qapısını sındıraraq orada olan 10095 manat nağd pulu oğurlayıb. O, pulun bir hissəsini ehtiyaclarına xərclədikdən sonra qalanını evdə gizlədib.
Elgiz Quliyev evindən edilən oğurluq hadisəsinə görə Muğan Səfərovdan şübhələnib və onunla söhbət edib. Lakin Muğan Səfərov hadisə barədə məlumatsız olduğunu bildirib. Ev sahibi qonşusundan şübhələndiyi üçün bu barədə polis orqanına məlumat verib. Muğan Səfərov rayon polis şöbəsində sorğu-sual edildikdən sonra mövcud faktların qarşısında törətdiyi cinayət əməlini etiraf edib.
Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişin evindən oğurladığı pulun ehtiyaclarına xərcələdiyi hissəsini ödəməyib. Həmin ziyan ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin anası Anya Səfərova tərəfindən ödənilib".
Vidadi Cabbarovun sözlərinə görə, Muğan Səfərov yaşayış sahəsinə qanunsuz daxil olmaqla və külli miqdarda özgə əmlakını gizli olaraq talamaqla mülkiyyət əleyhinə olan ictimai münasibətlərə zərər vurub: “Ona görə də məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb. Göründüyü kimi, məhkəmə hökmlə Muğan Səfərova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsməklə ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edib.
Bununla da hökmün ədalətli, qanuni və əsaslı olması şübhə altına alınıb. Məhkəmə cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və cinayət qanunu normasını düzgün tətbiq etməyib". Muğan Səfərov və onun vəkili Tural Həsənov birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyiblər. Elgiz Qafarov da prosesdə təqsirləndirilən şəxsi müdafiə edib. Amma sonda qərar qəbul edən hakim heyəti prokurorluğun protestini təmin edib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub.
Yeni hökmə əsasən, Muğan Səfərov 5 il 7 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Muğan Səfərovun barəsində həbs qətimkan tədbiri seçərək, onu məhkəmə zalında həbsə alıb.
Hacı Zeynalov