5 Yanvar 2016 16:17
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətllə yetirilməsi ilə bağlı həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra zərərçəkmiş şəxsin hüququ varisinin vəkili Fariz Namazlı vəsatətlərlə çıxış edib. O, işin yenidən istintaqa qaytarılmasını istəyib.

Vəkil vəsatətini belə əsaslandırb ki, ki, Rasim Əliyevin ölümündə onu müayinə və müalicə edən həkimlərin də təqsiri var. Vəkil mərhumun müalicə aldığı xəstəxananın müalicə həkimlərinin məhkəməm prosesinə şahid qismində çağırılmaları barədə vəsatət qaldırıblar.

Fariz Namazlının digər vəsatəti isə futbolçu Cavid Hüseynovun işinin də bu cinayət işinə birləşdirilməsini istəyib.

Məhkəmə vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görə, hər iki vəsatət təmin edilməyib və baxılmamış saxlanılıb.

Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.

Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrı icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: