6 Yanvar 2016 10:51
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluğun protesti təmin edildi, bacanaqlar arasında baş verən cinayət yenidən araşdırılacaq

Ali Məhkəmədə cinayət hadisəsi törətməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Əliyevin kasasiya şikayətinə baxılıb.

İttihama görə, Şahin Əliyev həbs olunana kimi Gəncə Qaz İstismarı Sahəsində çilingər işləyib. Onun bıçaqladığı bacanağı Elman Məmmədov isə Gəncə Qaz İstismarı Sahəsinin rəisi olub.

Elman Məmmədov Şahin Əliyevə xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyi və işinə səhlənkar yanaşdığı üçün bir il öncə həmin müəssisənin inzibati binasının həyətində, başqa işçilərin yanında irad tutub. O, digər işçilərə qarşı necə tələbkar olubsa, eyni əməli bacanağı Şahin Əliyevə də tətbiq edib.

Elman Məmmədovun irad tutması bir il sonra Şahin Əliyevin yadına düşüb. Buna görə o, rəisindən qisas almaq qərarına gəlib. Bu məqsədlə 20 avqust 2014-cü ildə, gecə saatlarında evində olarkən Elman Məmmədovu öldürmək niyyətinə düşüb. Səhər yuxudan oyananda, təxminən saat 08.00 radələrində yaşadığı evdən bıçaq götürərək, Gəncə Şəhər Qaz İstismarı Sahəsi qaz avadanlıqlarının və qaz kəmərlərinin istismarı qəza distpeçer xidmətinin inzibati binasına gəlib. O, xidmət rəisi Elman Məmmədovun otağında işlədiyini görüb.

Otağa daxil olan Şahin Əliyev əlindəki torbada gizlətdiyi bıçağı çıxararaq Elman Məmmədova ardıcıl olaraq 9 bıçaq vurub. Elman Məmmədov çoxsaylı zərbələr almasına baxmayaraq Şahin Əliyevə fəal müqavimət göstərib.

Ətrafda olan şəxslər onların səs-küyünə gəlib. Şahin Əliyev cinayət əməlini başa çatdıra bilməyib.
Səs-küyə gələnlər Elman Məmmədovu təcili olaraq xəstəxanaya aparıblar. Rəisə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Şahin Əliyev Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Əliyev apelyasiya şikayəti verib və o, cəzasının yüngülləşdirilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsində işə baxan hakimlər apelyasiya şikayətini təmin ediblər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, Şahin Əliyevin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Məhkəmənin yeni hökmünə əsasən Şahin Əliyevin barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Şahin Əliyevin cəzasının yüngülləşdirilməsindən bu dəfə Baş Prokurorluq narazı qalıb, kasasiya protesti verərək, cəzanın ağırlaşdırılmasını tələb edib.

Prokurorluğun protesti baxılmaq üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə hakimlər kollegiyası prokurorluğun protestini təmin edib və Gəncə Apelyasiya Məhkəməsinin qərarını növbəti dəfə ləğv edib. Şahin Əliyevin barəsində olan cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl də Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Şahin Əliyevin hökmü ləğv edilmişdi və iş materialları yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdı. Amma apelyasiya instansiyasında işə baxan hakimlər əvvəlki qərarı qüvvədə saxlamışdılar.

Hacı Zeynalov


Müəllif: