6 Yanvar 2016 16:11
485

Narkotik vasitələri əkib-becərməkdə ittiham olunan Zaqatala rayon sakini, 1962-ci il təvəllüdlü Hafiz Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Hafiz Məhərrəmli 2014-cü ilin may ayının əvvəllərində Zaqatala şəhərinin Azərbaycan prospektində, yolun kənarından tapdığı bir ədəd sellofan torbadakı narkotik təbiətli çətənə (kannabis) bitkisinə aid toxumları yaşadığı Təbriz küçəsi, 11 nömrəli ünvanda yerləşən evinə gətirib. O, həmin toxumları yaşadığı evdə stəkanların içərisindəki torpağa basdırıb.

Torpağa basdırılmış həmin toxumlar cücərib. Hafiz Məhərrəmli 30 ədəd şitili Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsinin Car meşəbəyliyinin 4 saylı dolayının, 33-cü kvartalının 14-cü bölməsinin 0,03 ha torpaq sahəsində torpağa basdırıb. O, həmin şitilləri mütəmadi olaraq diblərini boşaldıb, oraya apardığı rezin boru vasitəsi ilə suvarıb, diblərinə suda həll edərək şəkər tozu verməklə qanunsuz olaraq tərkibində narkotik maddələr yetişdirib.

Hafiz Məhərrəmli həmin narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya edib. O, yetişdiyi bitkilərdən 14 ədədinin quruyacağını hiss etdiyindən 7 sentyabr 2014-cü il tarixdə kökündən çıxararaq ətrafdakı ağaca asıb.

Hafiz sentyabrın 10-da, saat 20.30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həbs edilib. Həmin ərazidən 1 kilo 965 qram çəkidə 16 ədəd yaş halda və həmin ərazidə kökündən çıxarılmış quru halda çəkisi 105,0 qram olan 14 ədəd çətənə bitkiləri aşkar edilib.

Hafiz Məhərrəmli Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Məhərrəmli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Hafiz Məhərrəmli apelyasiya şikayəti verib. O, şikayətində barəsində daha yüngül cəza təyin edilməsini istəyib. Onun şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası Hafiz Məhərrəmlinin apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: