6 Yanvar 2016 17:37
4 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir neçə gün əvvəl yol polisi məni saxladı, maşında hər şey qaydasında idi. Bircə “apteçka”da hansısa dərman olmadığını deyib 60 manat cərimələdilər. Axı, bir dərmana görə cərimə yazmaq olar?”

Bu günlərdə xidmətindən istifadə etdiyim taksi sürücüsünün sualı bizi də narahat etdi. Axı, bir dərmana görə cərimə olar? Özü də bu məbləğdə...

“60 manat cərimə real deyil...”


“Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət Standartına edilən axırıncı dəyişiklikdən sonra avtobus və taksilərdə tibb qutusunun olması barədə tələb yenidən gündəmə gəldi. Son günlər isə avtomibillərdə “apteçka”, yanğınsöndürən balon və qəza duracaq nişanlarının olmamasına görə yol polisi tərəfindən sürücülərin cərimələnməsi müzakirə mövzusudur. Bu məsələ bəzi işbazlara əlavə qazanc üçün fürsət yaratmış oldu. Əvvəllər 10 manata satılan “apteçka”ların qiyməti birdən-birə 40 manatı keçdi. Oxşar mənzərə yanğınsöndürən balonlar və qəza duracaq nişanlarının satışında da müşahidə edilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında adıçəkilən standarta edilən dəyişikliklə əlaqədar olaraq hələ ki, reydlərə başlamadıqlarını deyib. Onun sözlərinə görə, bununla yanaşı avtonəqliyyat vasitələrinə baxış zamanı tibb qutusunun olub-olmamasına da nəzarət edilir: “Ötən il avtomobillərdə xüsusi komplektləşdirilmiş dərman qutusu olmayan 100-dən artıq sürücüyə inzibati protokol yazılıb. Bunlar arasında fərdi minik avtomobili istifadəçiləri, taksi sürücüləri də var. Etiraf edirəm ki, bu məsələyə görə cərimələnənlərin sayı çox azdır. Çünki bu gün reyd keçirsək, saxlanılan hər 10 maşından ən yaxşı halda, ikisində dərman çantası olar, yalnız birində dərmanların hamısı ola bilər”.

V.Əsədov bu qutuların olmamasına görə hər bir sürücünün məsuliyyət daşıdığını və qanunauyğun cərimələndiyini deyib: “Bu qutunun olmamasına görə 60 manat cərimə yazılması isə real deyil. Ola bilər ki, o cərimənin səbəbi başqadır. Hər bir avtomobildə dərman qutusu olmaqla yanaşı, lazımi preparatlar da yerləşdirilməlidir. Düzdür, “Yol hərəkəti haqqında” Qanunda bu qutularda məhz hansı dərmanların olması göstərilməyib. Lakin ilkin tibbi yardım zamanı yod, spirt, pambıq və bir sıra ağrıkəsicilərə ehtiyac var. Sürücü bu dərman preparatlarından istifadə qaydalarını da bilməlidir. Buna görə məsuliyyət nəzərdə tutulmasa da, isifadəni bacarmaq tövsiyyə edilir. Sürücülərdən həkim olmaları tələb edilmir, sadəcə, hər hansı qəza nəticəsində sınıq, qanaxmaya ilkin yardımın necə göstərilməli olduğunu bilməlidir. Bəzən də avtomobildə həmin qutular olsa da, dərmanların istifadə müddəti bitmiş olur.

“Yol hərəkəti haqqında” Qanunda sürücünün bu məsələdə məsuliyyət daşıdığı qeyd olunur. Hər bir sürücü bu qutuların vacibliyini dərk etməlidir. Qanunda göstərilib ki, maşında komplektləşdirilmiş dərman qutusu olmayanda cərimə tətbiq edilir. Lakin orada dərman vasitələrindən biri olmayanda, yaxud istifadə müddəti bitmiş olanda, cərimənin necə tətbiq edilməsi göstərilməyib. Lakin bunu qanundakı boşluq kimi dəyərləndirə bilmərik. Yol polisi bu zaman necə davranmalı olduğunu yaxşı bilir”.

V.Əsədov bu məsələnin son günlər cəmiyyətdə ajiotaja çevrilməsinə də aydınlıq gətirib: “Son günlər “apteçka”, yanğınsöndürən balon və qəza duracaq nişanlarına görə cərimələrin tətbiq olunması xəbəri bu avadanlıqları satanlara məhsullarını satmaq imkanı yaratmış oldu. Bu xəbərlərlə işbazlara fürsət yaratmış olduq. İnsanlar bilməlidirlər ki, yol polisi kimisə cərimələmək niyyətində deyil. Sürücüləri məsuliyyətə cəlb etməkdənsə, qeyd edilən vasitələrin avtomobildə saxlanmasının, onlardan istifadə qaydalarını bilmələrinin tərəfdarıyıq. Çünki dəfələrlə yanğınsöndürən balonun böyük faciələrin qarşısını aldığını müşahidə etmişik. Sürücüdən həkim olması tələb edilmir, sadəcə, qanunda göstərilənlərə əməl edilməlidir. Yanğınsöndürən balonların olmamasına görə sürücünün inzibati qaydada məsuliyyətə cəlb olunması üçün yol polisi protokol yazmır. Bunun üçün yanğına təhlükəsizlik nəzarəti var ki, bu da Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Lakin “Yol hərəkəti haqqında” Qanunun tələbi və İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsi istismar qaydaları və tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. 155-ci maddədə göstərilib ki, avtomobildə mütləq yanğınsöndürən balon, qəza duracaq nişanları olmalıdır. Onların olmaması istismar tələblərinin pozulması deməkdir və buna görə sürücü məsuliyyətə cəlb olunur ki, bu da 150 manat cərimədir”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə isə dərman qutusunda bir dərmanın olmaması qutunun olmaması kimi qəbul edilir: ““Yol hərəkəti haqqında” Qanunda göstərilib ki, bütün təkərli nəqliyyat vasitələrində (ikitəkərli motosikletlər istisnadır) dərman qutuları olmalıdır. Bu qutudakı ləvazimatlar Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıya uyğun olmalıdır. Dərman vasitələri və tibbi ləvazimatların hamısı istismara yararlı vəziyyətlə olmalıdır. Qanunda hər hansı bir dərmanın olub-olmamasına görə cərimə müəyyən edilməsi göstərilməyib. Lakin buna ehtiyac yoxdur, çünki qanunu tətbiq edəndə hüquqşünaslar buna şərh verir. Qanunda dərman qutusu və içərisindəkilərin hamısının yararlı halda olması göstərilib. Bu, o deməkdir ki, dərman vasitələrindən birinin olmaması qanun pozuntusudur, cərimə tətbiq edilə bilər. Miqdarında fərq olmasının isə çox önəmi yoxdur”.

Dərman qutusunda nələr olmalıdır?

Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il tarixli, 09 nömrəli əmrlə təsdiq olunmuş sənəddə göstərilib ki, avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibində bunlar olmalıdır:
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) (1qutu)
1.2. Portativ hipotermik (soyuducu) paket - Konteyner (1 ədəd)
1.3. Natrium sulfasil məhlulu (1 tübik)
1.4. Aspirin (1qutu)
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:
2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut (1 ədəd)
2.2. Steril bint 10x5 (1 ədəd)
2.3. Qeyri-steril bint 10x5 (1ədəd)
2.4. Qeyri-steril bint 5x5 (1 ədəd)
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı (1ədəd)
2.6. Bakterisid leykoplastr (2,5x7,0 yaxud 2x5 8 ədəd )
2.7. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 3 ədəd 6x10 sm, 10x18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetlər, yaxud statin (toz halında) 1,0q (3 dəst)
2.8 Spirtdə 5 faizli yodun, yaxud 1 %-li brilliant abısının məhlulu (zelyonka) (1 flakon)
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr (1 ədəd)
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6- hər birindən ədəd (1)
2.11. Pambıq 50 q (1 bağ)
3. Ürək ağrılarına qarşı vəsaitlər:
3.1. Nitroqliserin həbləri №40, yaxud kapsulası №20 (trinitrolonq) (1qutu)
3.2. Validol (tabletka, yaxud kapsula) (1qutu)
4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:
4.1. Süni nəfəs vermək üçün alət – “Ağız-qurğu-ağız” (1ədəd)
5. Bayılmaya qarşı vasitə:
5.1. Ammiak məhlulu (naşatır spirti) (1flakon)
6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
6.1. Enterodez 2 qutu, yaxud aktivləşdirilmiş kömür №10 (1 qutu)
7. Stress hallarına qarşı vəsaitlər:
7.1. Korvalol flakon (1 ədəd)
8. Küt uclu qayçı (1 ədəd)
9. Təlimat (1 ədəd)
10. Plastmass futlyar (1 ədəd)

İnzibati Xətalar Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə sürücülər 3 manatdan 5 manatadək cərimə edilir.


Müəllif: