8 Yanvar 2016 12:33
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan Laçın rayon sakini, 1966-cı il təvəllüdlü Ocaqqulu Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, o, Mübariz Salahovun etibarından sui-istifadə edərək, dələduzluq edib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu xətti ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində salınan qəsəbədə tikilən çoxmərtəbəli yaşayış binalarından Mübariz Salahova 3 otaqdan ibarət mənzil almasına köməklik edəcəyini vəd verib.

2012-ci il dekabr ayının ortalarında Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 29 saylı binanın qarşısında Mübariz Salahovdan 5000 manat məbləğdə pul alıb.

Bundan başqa, Ocaqqulu Fərzəliyev eyni üsulla əvvəllər tanıdığı Zöhrab Məmmədova qarşı da dələduzluq edib. O, Zöhraba məcburi köçkünlər üçün tikilən binada 3 otaqdan ibarət bir mənzil almasına köməklik edəcəyi vədilə 9000 manat pulunu ələ keçirib.

Ocaqqulu Fərzəliyev Zöhrab Məmmədovun tanışı Afiq Bayramovun da eyni vədlə 9000 manatını alıb.
Bundan əlavə, o, məcburi köçkünlər üçün inşa olunan binada mənzil düzəldəcəyi adı ilə Elgiz Kazımovun 1000, Ramil Həsənovun 9010 manatını ələ keçirib.

Ocaqqulu Fərzəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, məhkəmə zalında qandallanıb.

Hökmdən narazı qalan Ocaqqulu Fərzəliyev apelyasiya şikayəti verib, işinə ədalətli baxılmasını istəyib. Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəməyə ifadəsində Ocaqqulu Fərzəliyev bildirib ki, 2012-ci ilin dekabr ayında Mübariz Salahovun işlədiyi mağazadan alver edib: “Həmin vaxt Mübarizi gördüm. Mənə Mingəçevir şəhəri, H.Əliyev prospektində məcburi köçkünlər üçün binalar tikildiyini dedi. Mübarizdən həmin yaşayış binalarında mənzil almaq istəyib-istəmədiyini soruşdum və istəyərsə həmin binalarda 5000 manata üç otaqdan ibarət mənzil ala biləcəyini bildirdim. Mübariz heç nə demədi.

Bir gün sonra yenidən Mübarizin işlətdiyi mağazaya gedəndə Zöhrab Məmmədovu həmin mağazada gördüm. Mübariz mənzil almaq üçün 5000 manatı hazırladığını lakin həmin pulun indi üstündə olmadığını bildirdi. Söhbət əsnasında Mübariz Zöhrabın da məcburi köçkünlər üçün tikilən binadan mənzil almaq istədiyini dedi, Zöhraba köməklik etməyimi xahiş elədi.

Kömək edəcəyimə söz verdim. Sonra Zöhrab məndən məcburi köçkünlər üçün tikilən binalardan mənzili hansı qiymətə ala biləcəyimi soruşdu. Dedim ki, 5000 manata üç otaqlı mənzil ala bilərəm. Həmin söhbətdən 2-3 gün sonra yaşadığım evin qarşısında Mübariz və Zöhrabla görüşdüm. Bu zaman Mübariz və Zöhrab mənə hər biri ayrı-ayrılıqda 5000 manat, ümumilikdə 10000 manat verdilər. Pulu apararaq yaşadığım evdə saxladım, lakin evdə heç kimin puldan xəbəri olmadı. Təxminən 10-15 gün sonra Zöhrab zəng edərək görüşmək istədiyini bildirdi".

“Hər dəfə yalan dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin yanvar ayında Zöhrabla Mübarizə məxsus “Şahbulaq” restoranında yenidən görüşüb: “Görüş zaman Zöhrab köçkün şəhərciyindən əlavə bir mənzil də almaq istədiyini bildirdi. Zöhraba ikinci mənzil üçün əlavə 5000 manat pul verməli olduğunu dedim. Həmin vaxt Zöhrab cibindən 4000 manat çıxararaq mənə verdi, qalan 1000 manatı bir müddət sonra verəcəyini bildirdi. 4000 manatı Zöhrabdan alaraq evə gəldim. Bu barədə yenə də evdə heç kimə heç nə demədim.

2013-cü ilin yanvar ayının sonlarında Mübariz və Zöhrabdan aldığım 14000 manat pulu, həmçinin özümə məxsus 1000 manatı götürərək Bakı şəhərinə getdim. Məqsədim Mübarizlə Zöhraba köçkün şəhərciyindən mənzil almağa kömək edə bilən şəxs tapmaq idi. Bakıya çatdıqdan sonra “20 Yanvar” dairəsində avtobusdan düşdüm. Əlimi gödəkcəmin cibinə saldıqda 15000 manat pulun olmadığını gördüm. Dərhal Mingəçevir şəhərinə qayıtdım. Lakin pul itirməyim barədə heç kəsə heç nə demədim. Sonradan Zöhrabla bir neçə dəfə Mingəçevir şəhərində görüşdüm. Zöhrab mənzil barədə maraqlananda, hər dəfə yalandan ona yaxın müddətdə mənzil alacağını söylədim".

“Mənzil üçün 9000 manat lazım olduğunu bildirdim”

Ocaqqulu Fərzəliyev qeyd edib ki, 2013-cü ilin may ayında Zöhrab ona tanışı Afiq Bayramov adlı şəxs üçün də köçkün şəhərciyindən üç otaqlı mənzil almaq lazım olduğunu deyib: “Zöhraba köçkün şəhərinciyində üç otaqlı mənzil almaq üçün 9000 manat lazım olduğunu bildirdim. Zöhrab dediyim məbləğə razılaşdı.

Bu söhbətdən bir neçə gün sonra Zöhrabla Mingəçevir şəhərində yanacaqdoldurma məntəqəsinin yanında görüşdüm. Həmin vaxt Zöhrab tanışı Afiqə üç otaqlı mənzil almaq üçün 3000 manat pul verdi, qalan 6000 manatı isə sonra verəcəyini bildirdi.

Təxminən 5-6 gün sonra Zöhrab yenidən zəng edərək, başqa bir tanışının köçkün şəhərciyində olan ikiotaqlı mənzilinin üç otaqlı mənzilə dəyişmək istədiyini bildirdi və həmin məsələdə köməklik etməyimi xahiş etdi. Zöhraba tanışına verilmiş iki otaqlı mənzili 3000 manat müqabilində üç otaqlı mənzillə əvəz edə biləcəyimi dedim. Təxminən 20 gün sonra Zöhrabla Yevlax rayonunun Aran qəsəbəsində yerləşən evində görüşdüm. Bu zaman Zöhrab mənə 7000 manat pul verdi. Zöhrab həmin 7000 manat puldan 6000 manatının əvvəlki borcunun olduğunu, 1000 manatının isə Elgiz adlı şəxsin iki otaqlı mənzilini üç otaqlı mənzilə dəyişmək üçün verdiyini dedi, qalan 2000 manat pulu isə sonra verəcəyini bildirdi. Beləliklə, Afiq adlı şəxsə köçkün şəhərciyində üç otaqlı mənzil almaq üçün 9000 manat, Afiqin kürəkəni Elgizin iki otaqlı mənzilini üç otaqlı mənzilə dəyişmək üçün isə 1000 manat olmaqla, ümumilikdə 10000 manat pulu Zöhrabdan almışam.

Həmin ərəfələrdə Zöhrab yenidən mənə zəng edərək köçkün şəhərciyindən başqa bir şəxs üçün də üçotaqlı mənzil almaqda köməklik etməyimi istədi. Ona üçotaqlı mənzil almaq üçün 9000 manat pul lazım olduğunu bildirdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2013-cü ilin iyun ayında Zöhrabla Yevlax rayonunun Aran qəsəbəsində kafelərin birində görüşüb: “Bu zaman Zöhrab mənə tanışı üçün üçotaqlı mənzil almağa 6500 manat pul verdi. Həmin il iyun ayının sonunda Zöhraba zəng edərək Bakıya gedəcəyimi bildirdim, pulun qalan hissəsini çatdırmasını xahiş etdim. Səhəri gün Zöhrab zəng edərək pulun qalan hissəsi olan 2500 manatın əvəzinə Elgiz adlı şəxsin mənə 3200 ABŞ dolları verəcəyini bildirdi, Elgizlə görüşəcəyim yeri mənə başa saldı”.

“Pulu ödəyəcəm”

Ocaqqulu Fərzəliyev bildirib ki, iyul ayının əvvəlində Elgizlə görüşüb və Elgiz cibindən 3200 ABŞ dolları pulu çıxararaq ona verib: “Mən də həmin pulu götürərək evə gəldim və bu barədə yenə də evdə heç kimə heç nə demədim. 2013-cü ilin yay aylarında məcburi köçkünlər üçün tikilən binalarda mənzillər məcburi köçkünlərə paylandı. Lakin həmin binalarda pullarını aldığı şəxslərə mənzillər verilmədi. Çünki həmin binalarda mənzillərin alınması üçün pulları adlarını çəkdiyi şəxslərdən guya onlara mənzil almaq məqsədi ilə yalandan, əslində isə həmin pulları öz şəxsi ehtiyaclarım üçün xərcləməyə almışdım. Həm də mənzillərin alınmasında mənə köməklik edə biləcək heç kimi tapa bilməmişdim.

Sonradan Zöhrab onun və tanışlarının həmin binalarda mənzilləri ala bilmədiyini görərək, mənə verilən pulları geri qaytarmağımı tələb etdi. Adlarını çəkdiyim şəxslərdən aldığım pulların bir qismini qaytara bilmişəm, bir qismini yox. Təkcə Afiq Bayramova 4700 manat borcum qalıb. Azadlığa buraxılacağım təqdirdə pulu ödəyəcəm. Hazırda törətdiyim əməldən peşmanam. Ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətimin təmin edilməsini xahiş edirəm".

Ocaqqulu Fərzəliyev qeyd edib ki, ona təyin edilmiş cəza ağırdır. Artıq zərərçəkmişlərə vurduğu zərərin 95 faizini ödəyib və yerdə qalan az bir hissəsini ödəyəcəyinə birinci instansiya məhkəməsində hakim qarşısında söz verib: “Söz verməyimə baxmayaraq, mənə belə cəza təyin edilib. Əvvəllər məhkum olunmamamışam, əməlimdən peşman olmağım, himayəmdə xəstə uşağım və qoca anamın olması nəzərə alınaraq, aldığı cəza yüngülləşdirilməlidir”.

Dövlət ittihamçısı Vidadi Cabbarov apelyasiya şikayətinə etiraz edib. O, birinci instansiya məhkəməsi tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, Ocaqqulu Fərzəliyevin şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasının nəzərə alındığını qeyd edib.

Hakim kollegiyası təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: