9 Yanvar 2016 21:40
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlini Sevinc Məmmədovanı güllələyərək öldürməkdə təqsirli bilinin 1938-ci il təvəllüdlü Amanxan Nəcərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qətl hadisəsi ötən il iyulun 25-də Qusarın Avaran kəndində baş verib. 78 yaşlı Amanxan Nəcərov 38 yaşlı gəlini Sevinc Məmmədovaya ov tüfəngi ilə atəş açıb. Hirsi soyumayan ahıl kişi mətbəx bıçağı ilə gəlininin boğaz nahiyəsinə iki zərbə vurub. Amanxan Nəcərov Qusar rayon Polis İdarəsinə özü gedərək təslim olub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başladığı bildirilib. Prokuror ittiham aktını elan edib. Amanxan Nəcərov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmədə ifadə verən Amanxan Nəcərov bildirib ki, gəlini ilə münasibətləri pis olub, tez-tez dava eləyiblər: "Münasibətlərimiz qaydasına düşmürdü. Nə deyirdim, cavab qaytarırdı. Evdə tapılmırdı. Səhər çıxıb axşam gəlirdi. Bir söz deyəndə də məni saymırdı. Allaha şükür, evdə mal-qara var. Korluq çəkmirdik. Gəlinimin xeyli borc götürmüşdü. Nə vaxt aldığını, nəyə xərclədiyindən xəbərim yox idi. Borclular yolda qabağımı kəsir, pullarını istəyirdi. Hər şeydən sonra xəbər tuturdum".

Təqisləndirilən şəxsin sözlərinə görə, gəlini tez-tez uşaqları da götürərək anasıgilə gedirmiş: "Onun bu hərəkəti məni qıcıqlandırdı. Ürəyim zəifdir. Həkim məsləhət görüb ki, hər gün 70 qram araq içim. Spirtli içkini yalnız evdə qəbul edirdim".

Amanxan Nəcərov qeyd edib ki, hadisə baş verən günü saat 9-da yuxudan oyanıb: "Həmin vaxt gəlinim qızlarını götürərək evdən getmişdi. Həmin gün evə gec gəldilər. Onlardan yenə şikayətləndim. Gəlinim məni təhqir elədi. Dedim ki, evdən get, bura bir daha gəlmə. Üstümə bozardı ki, bu evdə mənim də payım var, getmirəm. Buna görə onunla dalaşdıq.

Evdə 20 ildən artıqdır ki, qoşalülə tüfəngim var. Məni şantaj elədi ki, haqqımda polisə şikayət edəcək. Bundan sonra qoşalüləmin tozunu təmizlədim. Güllələrini tapdım və gəlinimin üstünə yeridim ki, onu qorxuzam. Məni görən kimi başladı söyməyə. Dayanmadan "vur məni, köpəkoğlu" deyə bağırdı. Dəfələrlə bildirdim ki, evdən getsin.

Daha gözümün qabağına heç nə gəlmədi. Atəş açmaq istədim, amma güllə çıxmadı. Bir neçə dəfə buna cəhd etdim. Sonuncuda güllə açıldı. İkincini atmaq istədim. Güllə yuxarı getdi. Bundan sonra nə baş verdiyini xatırlamıram. Orda kim olub, hadisə necə olduğunu bilmirəm".

Təqsirləndirilən qeyd edib ki, baş verən olayla bağlı kəndin icra nümayəndəsinə məlumat verib, daha sonra polisə təslim olmağa gedib: "Məni polisə maşınla kim apardı, onu da bilmirəm. Sonradan bildim ki, qardaşım oğlunun maşını ilə polisə getmişəm".

Daha sonra Amanxan Nəcərov hakimlərin və prokurorun suallarını cavablandırıb. Suallara cavabda təqsirləndirilən şəxs deyib ki, gəlini tüfənglə vurandan sonra bıçaqladığını xatırlamır: "Mənim orda bıçaqla boğazına iki zərbə vurmağım yadıma gəlmir. Həmin günü elə çox içməmişdim. Başım çatlayırdı. Onun özünə dəfələrlə dedim ki, get, başım ağrayır".

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin oğlu, ölən qadının əri Valeh Nəcərov ifadə verib. O, ibtidai istintaqdakı ifadəsini təsdiqləyib və məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edib.

Şahid qismində mərhum Sevinc Məmmədovanın qızı, təqsirləndirilən şəxsin nəvəsi, 12 yaşlı Məryəm Nəcərova ifadə verib. O da ifadəsində babası ilə anasının münasibətlərinin əvvəlcədən pis olduğunu, tez-tez mübahisə etdiklərini bildirib. Məryəm Nəcərova hadisə günündən danışıb: "Həmin günü səhər tezdən durduq. Anam nənəmgilə gedirdi. Bizə dedi ki, siz də yeməyinizi yeyin, qabları yuyandan sonra gələrsiniz. Evdə 3 bacı, 1 qardaşıq. Qardaşım bizimlə getmədi. Ataya kömək edəcəyi bildirdi.

Bacılarımla nənəmgilə getdik. Orda böyürtkən yığdıq. Evə qayıdanda babama "Nar" kontur aldıq. Babam evdə deyildi. Atam çay içirdi. Babam sonradan gəldi və evin ikinci mərtəbəsinə qalxdı. Konturu apararaq babama verdim. Çox gec gəlməyimizə irad tutdu və bizə hirsləndi.

Anam səsimizə yuxarı qalxdı. Babam anamla dalaşmağa başladı. Ana babam olan Maliki söyməyə başladı. Anama dedi ki, evdən get. Anam bu evdə onun da payının olduğunu söylədi. Sonra aşağı düşdü. Paltarlarını yığırdı. Babam aşağı düşdü, anamın qolundan yapışdı, sıxmağa başladı. Otaqdan tüfəngini götürərək gəldi. Atam da aşağıdan qaç-qaça gəldi. Bu zaman babam bir dəfə atəş açdı. İkincini atmaq istəyəndə atam ona çatdı və tüfəngi əlindən alaraq aşağı tulladı.

Anam qan içində yerə yıxıldı. Bu vəziyyətdən şokda idik. Dayıma zəng elədim ki, babam anamı vurub, tez bizə gəl. Atam da həkimə zəng edirdi. Anam yerdə uzanıb nələrsə deməyə çalışsa da, başa düşülmürdü. Babam mətbəx bıçağı ilə içəri girdi. Ona yalvardıq, bizi saymadı. Sanki gözü dönmüşdü. İki dəfə bıçağı boğaz nahiyəsinə vurdu. Anamın nəfəsi kəsildi. Sonra dayımgil gəlib çıxdı. Artıq babam evdə yox idi".

Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: