12 Yanvar 2016 12:56
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Məhkəmə iclası yanvarın 14-də davam edəcək.

Qeyd edək ki, ötən il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.

Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrıca icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: