13 Yanvar 2016 17:54
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun məlum cinayət işində adı keçən bəzi zərərçəkmişlər aldadılır.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2009-cu ildə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin (indi Ağır Cinayətlər Məhkəməsi adlanır - red.) hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Zal Yusifovun atası Zakir Yusifov və onun oğlu Zülal Yusifov zərərçəkmişləri ələ almağa çalışırlar.

Hələ Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işləyərkən Zülal Yusifov (Zal Yusifovun qardaşı) zərərçəkmişlərlə görüşlər keçirib və onları inandırmağa çalışıb ki, əmanətlərin mənimsənilməsində Zal Yusifovun günahı olmayıb. Bir çox zərərçəkmişi ələ alan Zülal Yusifov onları inandırıb ki, pulları Zal Yusifov yox, “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyev mənimsəyib.

Məhz bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmündə dəymiş ziyanı Etibar Əliyevin yox, Zal Yusifovun ödəyəcəyi ilə bağlı göstərilənlər zərərçəkmişləri narazı salıb. Burada Zakir və Zülal Yusifovların bir məqsədi olub: cinayət işi üzrə zərərçəkmiş kimi adı keçən 81 nəfərin arasında parçalanma salmaq və kütləvi şikayətlərin qarşısını almaq.

Yusifovlar son anda bu istəklərinə qismən nail olublar və zərərçəkmişlər arasında fikir ayrılığı yarada biliblər. Uzun müddətdir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların satılması və zərərçəkmişlərə dəymiş ziyanını ödənilməsinin qarşısı alınır.

Zərərçəkmişlər arasında fikir ayrılığı yaradandan sonra bu dəfə Zal Yusifovun atası ortalığa çıxıb. O, Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub yazaraq bildirib ki, üzərinə həbs qoyulan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur.

Zakir Yusifov iddia edib ki, qiyməti milyonlarla ölçülən mülklər onun aldığı pensiya hesabına tikilib. Bu yolla Zakir Yusifov cinayət işini Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsində dolaşdırmaqla faktiki olaraq vaxt qazanır. Beləliklə, əmlakların satılmasının qarşısını almağa çalışır.

Zakir Yusifov və onun oğlu Zülal Yusifovun sözlərinə inanmış zərərçəkmişlər isə əmanətlərinin qaytarırılmamasına görə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər. Onların dəymiş ziyanının ödənilməsi ilə bağlı tələblərində cavabdeh kimi Etibar Əliyevin adı hallanır. Bununla da Zakir Yusifov beynəlxalq instansiyaya üz tutan zərərçəkmişlərdən özünü xilas olmuş hesab edib.

Əslində isə zərərçəkmişlər növbəti dəfə aldadılmış hesab olunmalıdırlar. Çünki milyonlarla manat vəsaiti mənimsənilən şəxslərin əmanətləri ilə bağlı məsələ yalnız yerli məhkəmələrdə öz həllini tapa bilər.

Hüquqşünas İradə Cavadova deyir ki, əmanətləri mənimsənilən şəxslərin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi düzgün deyil. Onun sözlərinə görə, əmanəti batan şəxsin və ya şəxslərin probleminin Avropa Məhkəməsində həllini tapması təcrübəsi mövcud deyil: “Avropa Konvensiyasının 6-ci maddəsinə uyğun olaraq, Avropa İnsan Haqları Məhkəməsinə yalnız ədalətsiz qərarla bağlı müraciət edilir”.

Bank və digər sektorlarda vətəndaşlara dəymiş ziyanla əlaqədar mübahisənin yerli məhkəmələrdə həllinə cəhd olunmasını daha məqsədəuyğun hesab edən hüquqşünasın sözlərinə görə, mülkiyyət hüquqlarına aid kompensasiyanın düzgün ödənilməməsi iddiası ətrafında məhkəmələr çox zaman düzgün iş aparmır: “İşin əvvəldən düzgün aparılmamasının nəticəsində kompensasiyanın alınması məsələsi gündəmdən çıxır. Bu baxımdan zərərçəkmişlər öz hüquqlarının müdafiəsini düzgün qurmalı, səhvə yol verməməlidirlər”.

Teleqraf.com


Müəllif: