19 Yanvar 2016 13:41
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri isə yaralamaqda təqsirli bilinən Goranboy rayon sakini, 21 yaşlı Orxan Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl 2014-cü ilin oktyabrın 28-də, Xətai rayonunda olan çörəkbişirmə sexinin qarşısında baş verib. Bakı şəhər sakini Elşad Kərimovun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayonunda anadan olmuş 21 yaşlı Orxan Abdullayev elə həmin gün isti izlərlə tutularaq məsuliyyətə cəlb edilib.

Orxan Abdullayev ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. O, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına toplaşıblar.

Bu zaman Orxan Abdullayev üstündə gəzdirdiyi bıçaqla Elşad Kərimova qarın nahiyəsindən 1 zərbə endirib. Yaralı müqavimət göstərdikdə isə Orxan Abdullayev ona bədəninin müxtəlif yerindən əlavə 3 bıçaq zərbəsi vurub. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.

Orxan Abdullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Abdullayev 19 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Orxan Abdullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Orxan Abdullayevin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, orxan Abdullayevin apelyasiya şikayəti təmin edilib və onun cəzası 13 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: