23 Yanvar 2016 13:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda valyuta dəyişənlərin müəmmalı şəkildə yoxa çıxmaları və ölənlərin taleyinə hələ də aydınlıq gətirilməyib. Bu vəziyyət isə itkin düşənlərin yaxınlarını narahat edir.

Teleqraf.com-un xəbərinə görə, müəmmalı şəkildə itkin düşənlərdən biri valyutadəyişmə məntəqəsində işləyən Vüqsr Hümbətovdur. O, 7 ay öncə Ağcabədi rayon bazarından müəmmalı şəkildə yoxa çıxıb. İtkin ailələri iddia edirlər ki, bu məsələ ilə bağlı başalanan iş düzgün aparılmır. Ailəni narahat edən digər bir məsələ isə açılan cinayət işinin özünü öldürmə həddinə çatdırmaq maddəsi ilə aparılmasıdır.

Qeyd edək ki, rayonun Həzi Aslanov küçəsində yaşayan Hümbətov Vüqar Cənnət oğlu bazarda valyuta dəyişməklə məşğul olub. Artıq 10 ildir ki, bu ərazidə eyni fəaliyyətlə məşğul olan Vüqar ötən ilin may ayında evdən çıxıb. 3-4 saatdan sonra isə yaxınları ondan heç bir xəbər tuta bilməyib. O, müəmmalı şəkildə yoxa çıxıb.

Qardaşı bildirib ki, Vüqar daim diqqətli olub. Əlində külli kiqdarda pul olduğundan heç zaman tanımadığı avtomobilə oturmayıb.

Onu tanıyanların bildirdiyinə görə, Vüqarı həmin gün bir neçə istiqamətdə eyni markalı avtomobildə görənlər olub. Onun olduğu VAZ 21011 markalı 09 BC 774 dövlət nömrə nişanlı avtomobil bir neçə yerdə iaşə obyektlərinin kameralarına da düşüb. Vüqarın tanımadığı avtomobillərə oturmaması ailə üzvlərində belə bir fikir yaradıb ki, həmin gün o, tanıdığı və yaxın bildiyi adamlarla bir yerdə olub. Qardaşı isə bildirir ki, yuxarıda qeyd edilən avtomobilin axtarışında olublar. Elə bu axtarışlar zamanı da bəzi müəmmalı məsələlər ortaya çıxıb. Belə ki, həmin avtomobilin Tərtər sakininə məxsus olduğu, həmin şəxsin isə uzun zamandır Rusiya Federasiyasında yaşadığı məlum olub. Həmin şəxslə əlaqə zamanı o bildirib ki, avtomobili 1994-95-ci illərdə Ağcabədi rayonunda satıb. Ailədə şübhə doğuran digər məqam isə həmin avtomobilin satış sənədləşməsinin rəsmi qeydiyyatda olmamasıdır.

Hadisə ilə bağlı başqa bir diqqət çəkən məqam isə budur ki, qardaşının dediyinə görə, itkin düşdüyündən 25 gün sonra Vüqarın mobil telefonu 1 saatdan çox aktiv olub. Bununla bağlı mobil operatorlara göndərilən sorğunun cavabı heç də ürəkaçan olmayıb. Belə ki, həmin vaxtı telefon aparatının hansı istiqamətdə aktiv olduğunu müəyyən edə bilməyiblər.

Ailə üzvləri onu da bildirdilər ki, bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər edilib. Lakin onlara verilən vədlər sadəcə, söz olaraq qalıb. Vüqarın anası və həyat yoldaşının gözü yolda qalıb.

Məsələ ilə bağlı rayon prokurorluğundan bildirilib ki, həmin hadisə ilə bağlı araşdırmalar Respublika prokurorluğu tərəfindən aparılır.

Xatırladaq ki, bu, Ağcabədi ərazisində qeydə alınan ilk belə fakt deyil, bundan bir neçə ay sonra eyni istiqamətdə valyuta dəyişmə ilə məşğul olan Valeh İsmayılov da müəmmalı şəkildə yoxa çıxıb. Lakin bir neçə gün sonra onun cəsədi Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aşkar edilib. Digər belə fakt isə rayonun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini, 1959-ci il təvəllüdlü Məhərrəmova Fatma Nədulla qızı 2014-cü il avqustun 5-də yoxa çıxıb. Hər üç şəxsin məhz Bazar istiqamətində müəmmalı şəkildə yoxa çıxması diqqət çəkən məqamlardandır.

Xalid Salmanbəyli


Müəllif: