28 Yanvar 2016 17:43
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun cinayət əməllərinin üstü illər əvvəl açılıb. Amma 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq onun vətəndaşlardan oğurladığı pullar geri qaytarılmayıb. Səbəb oğru və dələduz bankirin ahıl atası Zakir Yusifovun absurd yalanlarıdır.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri olanda 81 nəfərin ümumilikdə 38 milyon manatını mənimsəyib və özünə mülklər alıb. İndi isə atası Zakir Yusifov Ali Məhkəməyə müraciətlə iddia edir ki, guya həmin obyektlər, mülklər ona məxsusdur.

Ali Məhkəmədə işə baxan hakimlər iddianı təmin edir və işin yenidən apelyasiya instansiyasında araşdırılmasına qərar verir. Bundan əvvəl bu iş Bakı Apelyasiya Məhkəməsində 3 dəfə ayrı-ayrı hakim kollegiyalarında araşdırılıb və Zakir Yusifovun yalan danışdığı məhkəmə qərarları ilə tam sübuta yetirilib.

Amma Zakir Yusifov yalanlarından əl çəkmək istəmir. Onun iddiası ilə iş yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə iş hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılır. Ali Məhkəmənin tövsiyəsinə əsasən, hakim kollegiyası obyekt və mülklərin kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu göndərib.

Ancaq heç kimə sirr deyil ki, bu var-dövlət Zal Yusifov bankir işləyən dövrlərdə cinayət yolu ilə əldə edilib. Bunu sübut edəcək faktlar yetərincədir, obyektlərin və mülklərin yerləşdiyi ərazidə illərlə yaşayan sakinlər də buna şahiddir. Şahid ifadələrindən ibarət sübutlar məhkəmələr tərəfindən də təsdiqlənib.

Bankirin ahıl atası isə öz özbaşınalığını davam etdirir. O, iddia edir ki, guya “Humay” şadlıq sarayı və iki bloklu, dörd mərtəbəli, dəyəri milyonlarla ölçülən villa və digər mülklər onun özünə məxsusdur. Lakin Zakir Yusifov ortalığa iddialarını inandırıcı edən bir dənə də fakt qoya bilmir.

Ancaq dələduz bankirin atası inadından dönmür. Fikirləşir ki, oğlu bankir olanda vətəndaşların cibinə girib, bu qədər varlanıblar, indi həmin pulları geriyə –yiyələrinə qaytarsalar, yenə əvvəlki kimi kasıb duruma düşərlər.

Qeyd edək ki, Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Dələduz bankir cəzasının artıq 8 ilini həbsxanada başa vurub. O, 7 ildən sonra azadlığa çıxmaq və cinayət yolu ilə əldə etdiyi var-dövlətin üstündə oturmaq istəyir. Sual çıxır: Bəs 81 nəfərin ümumilikdə 38 milyon manata qədər pulunu kim ödəyəcək?

Əslində, Zal Yusifov kimi dələduzlar zərərçəkmişlərin pulunu ödəməkdən boyun qaçırmaqla vətəndaşı dövlətlə üz-üzə qoymağa çalışırlar. Yüzlərlə insanın hüququnun pozulması narazılığa səbəb olur. Bunun günahkarı Zal Yusifov kimi dələduzlar, onlara dəstək verən 80 yaşlı Zakir Yusifov kimilərdir.

Belə şəxslərə qarşı məhkəmələr ciddi tədbir görməsələr, bu kimi halların və vəziyyətdən istifadə edən dələduzların sayı daha da arta, vətəndaşların banklara inamı tamamilə sarsıla bilər.

Zal Yusifov bankir olanda illər boyu dələduzluq yoluyla insanların cibinə girib, cinayət yolu ilə var-dövlət qazanıb. İndi həbsxanada cəza çəkir... Zal Yusifov həbsxanaya düşəndən sonra onun yığdıqlarının keşiyində isə ahıl atası Zakir Yusifov dayanır. Vətəndaşlara dəymiş ziyanın ödənilməsinin qarşısını var gücü ilə almağa çalışır. Əslində bu əməllər də dələduzluq faktı kimi qiymətləndirilə bilər.

Zakir Yusifov heç bir fakta söykənmədən iddia edir ki, “Humay” şadlıq sarayı və digər mülklər onun özünə məxsusdur. Onun məhkəmələrdə faktsız bu qədər çabalaması və qərarları öz xeyrinə dəyişdirməyə müvəffəq olmasının bir sirri var. Bu sirrin başında onun digər oğlu Zülal Yusifov dayanır. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinin köməkçisi işləmiş Zülal Yusifov əlaqələri hesabına, bu cinayət işinin uzun illər məhkəmələrdə süründürülməsinə nail olur.

Bu işin öz xeyirlərinə həll edilməsi üçün Zülal Yusifovun cabalaması da səbəbsiz deyil. Qardaşı Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi var-dövlətdən Zülal Yusifova da böyük bir miqdarda pay düşür. Buna görə də o, var gücü ilə ahıl atasının absurd iddiasının məhkəmələrdə keçməsinə çalışır.

Amma ata və oğulların bu qədər canfəşanlığının nəticə verəcəyi real görünmür. Çünki zərərçəkənlər məhkəmənin bundan əvvəl olduğu kimi, bu dəfə də ədalətli qərar verəcəyinə ümidlidirlər. 81 nəfərin hüququ məhkəmənin son qərarından asılıdır. Ona görə də zərərçəkənlər çıxış yolunu problemin mediada işıqlandırılmasında görürlər.

Redaksiyamıza müraciət edən zərərçəkənlər deputatlardan, hüquq müdafiəçilərindən, ictimai şəxslərdən pozulmuş hüquqlarının bərpası üçün onlara dəstək olmağı xahiş edirlər. Hüququ tapdanmış şəxslər hesab edirlər ki, mediada yayımlanan bu problemə ictimai təpki olsa, onların haqq səsi müvafiq instansiyalar tərəfindən daha tez eşidilər.

Milli Qeyri-Hökumət təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni bildirir ki, hər zaman zərərçəkmiş vətəndaşların yanında olmağa hazırdır. Onun fikrincə, qanunun aliliyi prinsipindən irəli gələrək vətəndaşların əmlakının, vəsaitinin bank müdiri tərəfindən mənimsənildiyi haqda məhkəmə qərarı varsa, həmin qərarın icrası təmin olunmalıdır: “İstər dövlət, istərsə də özəl qurum tərəfindən vətəndaşların hüquqlarının tapdanması, onlara maddi ziyan vurulması məhkəmə qaydasında təsdiqlənibsə, deməli, bu qərar icra edilməlidir.

Məhkəmə sabiq bank müdiri Zal Yusifovun insanların maddi vəsait və əmlakının mənimsənilməsi haqda hökm veribsə, dəymiş ziyan ödənilməlidir. İnsanların banka əmanət etdiyi əmlakı qeyri-qanuni yolla mənimsəmək ciddi qanunsuzluqdur və buna görə də yolverilməzdir.

Vətəndaşın hüquqları təmin olunmursa, biz də QHT rəhbərləri, insan hüquqları müdafiəçiləri kimi vətəndaşlarımızın hüquqlarını müdafiə etməyə borcluyuq. Prezident məmurlara dəfələrlə xəbərdarlıq edib ki, hər kəs dövlətimizin və millətimizin maraqlarını qorumalıdır. Bu, onların vəzifə borcudur”.

Rauf Zeyninin sözlərinə görə, dünyada gedən maliyyə böhranı və iqtisadi proseslər Azərbaycana nə qədər az təsir etsə də, yenə də müəyyən nəticələri var: “Vəziyyətdən çıxış yolları aranır. İlk növbədə insanların hüquqları diqqətdə saxlanmalıdır. Vətəndaşın pul və əmlakının toxunulmazlığı insan hüquqlarının toxunulmazlığı kimi qəbul edilməli və maksimum tədbir görülməlidir.

“Texnikabank” məsələsində də qanunların aliliyi prinsipi əsas götürülərək məhkəmənin Zal Yusifova məxsus mülklərin hərraca çıxarılmaqla satılıb zərərçəkənlərə ödənilməsi haqda qərarı təmin edilməlidir. Hansı orqan bu icraya nəzarət edirsə, tezliklə problem həllini tapmalıdır. Çünki illərdir insanlar əziyyət çəkir, onlara maddi və mənəvi ziyan dəyib. Bütün hallarda biz ictimai vəkil olduğumuza görə vətəndaşın yanındayıq və istənilən halda vətəndaşın hüquqları qorunmalıdır”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli şikayətçilərin müraciəti əsasında problemli məsələlərin mediada işıqlandırılması və ictimailəşməsi məsələsinə şərh verib: “İnformasiyanın arxasında konkret şəxslər durursa, bunu lazımi formada isbat edirlərsə, istənilən halda media bu kimi şikayətlərə yer verməlidir. Problemin mətbuatda işıqlandırılması və ictimailəşməsi onun ədalətli həllinə yardım göstərir. Bu, təzyiq yox, məlumatlandırma xarakteri daşıyır.

Az müddət öncə həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva ilə bağlı mediada yayımlanan məlumatlar kifayət qədər aktuallıq qazandı, KİV-də dərc olunan yazılar məsələnin ədalətli həllinə yardım göstərdi. Bir neçə dəfə analoji hallar olub, problemlər qabardılıb və media ictimai funksiyasına uyğun şəkildə bu kampaniyalara geniş yer ayırıb.

Məsələnin ictimai əhəmiyyətini, əsaslı olmasını nəzərə alaraq hərtərəfli araşdırılma aparılması problemin gündəmdə qalmasına, ictimailəşməsinə və onun aradan qaldırılmasına, vətəndaşların hüququnun bərpasına kömək etmiş olardı. Azərbaycan mediası hər zaman dürüst kampaniya və ictimai etiraz formasında insanların problemlərinə yardım edib. Bu, medianın əsas funksiyalarından biridir”.

Heybət


Müəllif: