Baş Prokurorluğun protesti və cəzanın ağırlaşdırılması tələbi qəbul edilmədi
Qanunsuz silah saxlamaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1975-ci il təvəllüdlü Cahangir Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Cahangir Nadirov istintaqa məlum olmayan mənbədən xeyli sayda silah-sursat əldə edərək yaşadığı evdə saxlayıb. Daxil olmuş məlumat əsasında 30 aprel 2015-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri zamanı Cahangir Nadirov saxlanılıb.
Evə baxış keçirilərkən yataq otağında taxtın altından sellofan bağlamada sandıqçasında 7,62 mm kalibrli 30 patron olan, 7,62 mm kalibrli "AKMC" konsruksiyalı avtomatik tüfəng, qəlpəli "F-1" əl qumbarasının gövdəsi, "UZRQM" qumbara alışdırıcısı və trotil şaşkası aşkar edilib.
Cahangir Nadirov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə) maddəsi ilə ittiham edilib.
Mingəçevir Şəhər Məhkəməsi Cahangir Nadirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Cahangir Nadirovun cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorluğun protesti araşdırılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə Cahangir Nadirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, aprelin 30-da saat 09.50-də işə getmək üçün evdən çıxıb və həmin vaxt ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını söyləyiblər: "Sonra məni əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etdilər. İki nəfər hal şahidini göstərdilər, üzərimdə qeyri-qanuni əşya olub-olmamasını soruşdular. Üstümə baxış keçirildi, heç bir qanunsuz əşya aşkarlanmadı.
Bundan sonra evə baxış keçirilməsi təklif olundu, mən də etiraz etmədim. Ərizə yazdıqdan sonra dəvətim üzrə yaşadığım evə girdilər. Saat 10.20-də hal şahidləri və polis əməkdaşları ilə birlikdə silahları gizlətdiyim yataq otağına keçdik. Yataq taxtının altından torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etdim. Bildirdim ki, həmin torbada olan odlu silah avtomat və döyüş sursatlarıdır.
Polis əməkdaşları torbaya baxış keçirdikdən sonra qablaşdıraraq möhürlədilər. Bundan başqa otağın pəncərəsi qarşısında 12 dini kitabı və 2 diski də götürdülər".
Təqsirləndirilən şəxsin sözlərinə görə, aşkar edilmiş kitablarla disklər hal şahidlərinin iştirakları ilə qablaşdırılıb və möhürlənib: "Hər iki bağlamaların üzərindən mən və hal şahidləri imza etdik. Sonra bildirdim ki, həmin əşyalar mənə məxsusdur, içərisində odlu silah və döyüş sursatları olan torbanı yaşadığım evin yaxınlığında yerləşən zibilliyin yanından 3-4 gün bundan əvvəl tapmışam. Silahların azyaşlı uşaqların əlinə keçməməsi və bədbəxt hadisə baş verməməsi məqsədi ilə saxlamışam. Evdən əlavə heç bir qanunsuz əşya aşkar edilməyib".
Cahangir Nadirov qeyd edib ki, polis əməkdaşları onu Mingəçevir şəhər polis şöbəsinə dəvət ediblər: "Orada vəkilin iştirakı ilə üzərimə və yaşadığım evə baxış keçirilməsi barədə protokol tərtib edildi və protokola imzamı atdım. Hazırda əməlimdən peşmanam".
Prosesdə çıxış edən dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, Cahangir Nadirovun Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsi hökmü onun təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirməlidir: "Birinci instansiya məhkəməsi cəza təyin edərkən Cahangir Nadirovun himayəsində bir azyaşlı uşağının olmasını və törətdiyi əməldən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb".
Dövlət ittihamçısının sözlərinə görə, Cahangir Nadirov hüquq-mühafizə orqanlarına könüllü təslim olmayıb: "Onun məsuliyyətini yüngülləşdirmək üçün hərəkətlərindən peşmançılıq çəkməsini bildirməsi isə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. İctimai təhlükəsizlik əleyhinə törədilən cinayətin predmeti sayılan sellofan bağlamada sandıqçasında 7,62 mm kalibrli patronlar olan 7,62 mm kalibrli "AKMC" konsruksiyalı avtomatik tüfəngi, "F-1" əl qumbarasının gövdəsini, "UZRQM" qumbara alışdırıcısı və trotil şaşkasını özündə saxlayaraq hüquq mühafizə orqanlarına təhvil verməyib.
Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə, cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir.
Lakin məhkəmə Cahangir Nadirovun törətdiyi əməldən peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi göstərməklə kifayətlənib, həmin halı cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməyib. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə, cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilib.
Məhkəmə Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşıb, Cahangir Nadirova cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almayıb. Bununla da cinayət qanunu norması düzgün tətbiq edilməyib, nəticədə təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan cəza verilib".
Təqsirləndirilən şəxsin vəkili Mahir Bayramov prokurorluğun protestinin təmin edilməməsini istəyib.
Prokurorluğun protesti təmin edilməyib.
Hacı Zeynalov