Bakı Apelyasiya Məhkəməsində İmişli rayon polis şöbəsinin əməkdaşının qətlə yetirən Ravil İbayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan, yandırılan, 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımzadənin meyiti tapılıb. Cinayəti İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Ravil İbayevin törətməsi müəyyən edilib.
Müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. Hər iki şəxs Polis Akademiyasında qiyabi təhsil alıblar.
Aprelin 17-də, səhər saatlarında Muxtar Kazımovun Ravil İbayevə məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün gediblər. Lakin bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib. Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb.
Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınları, gecə saatlarında Ravil İbayevin yaşadığı evə gəliblər. Ravil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü və bundan sonra onunla heç bir əlaqəsi olmadığını bildirib.
Lakin hadisə baş verməmişdən bir neçə gün əvvəl Muxtar Kazımovun şəxsi avtomobilini 14 min manata satması və bundan Ravil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb.
Təkrar Ravilin yaşadığı evə yollanan Muxtar Kazımovun yaxınları, bu dəfə də oxşar cavab alandan sonra polisə məlumat verirlər. Məlumatda, qətlin Ravilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımovun yaxınlarının ikinci dəfə Ravilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyitin Xəzər rayonu ərazisinə gətirilərək Ravili və başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilib. Muxtar Kazımovun qətli, 3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edib. Mərhumun bir övladı var.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ravil İbayev apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, Ravil İbayevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib və məhkəmə Ravil İbayevin cəzasını 1 il artıraraq, onun barəsində qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov