Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il Abşeron rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərindən Teleqraf.com-a verilən məlumata görə, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilmiş şəxsin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-ci il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içdikdən sonra aralarında yaranmış mübahisə zəminində yuxarıda adları çəkilən şəxslər sonuncunu yaxınlıqdakı meşə massivinə apararaq qətlə yetiriblər.
Cinayətin V.Mirzəyev, V.Qədiyev və N.İsmayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.