10 Fevral 2016 12:07
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində 1958-ci il təvəllüdlü Lənkəran şəhər sakini İlqar Məmmədovun cinayət işi üzrə proses başa çatıb. İttihama görə, İlqar Məmmədov 24 sentyabr 2015-ci il tarixdə, saat 18 radələrində Xətai küçəsində yerləşən evin həyətində ailə-məişət münasibətləri zəminində qardaşının həyat yoldaşı Şərqiyyə Səmədova ilə mübahisə edib.

Əvvəlcə Şərqiyyə Səmədovanın sifət nahiyəsinə yumruqla vurub, daha sonra qadını döyərək, ona bədən xəsarətləri yetirib. Şərqiyyə Səmədova aldığı xəsarətlərdən xəstəxanada müayinə olunub.

İlqar Məmmədov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib. Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə o, 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib və cəzanın ağırlaşdırılmasını istəyib. Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Şərqiyyə Səmədova şikayət ərizəsində bildirib ki, Lənkəran Şəhər Məhkəməsinin hökmü ləğv edilməli və İlqar Məmmədovun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində, yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən hökm çıxarılmalıdır.

Zərərçəkmişin fikrincə, İlqar Məmmədovun cəzası onun törətmiş olduğu ictimai təhlükəli əməlin dərəcəsinə uyğun deyil: “Məhkəmə İlqar Məmmədova cəza təyin edərkən cəza təyinetmənin ümumi əsaslarını nəzərə almayıb, qanunvericiliklə nəzərdə tutulan ədalət prinsipinə kifayət qədər əməl etməyib. İlqar Məmmədovun üç nəfərə qarşı törətdiyi xuliqanlıq hərəkəti, zərərçəkmişə vurduğu əmlak ziyanı nəzərə alınmayıb və o, daha yüngül cəzaya layiq görülüb. Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalət, həmin məcəllənin 9-cu maddəsində nəzərdə tutulan humanizm prinsipləri kobud surətdə pozulub”.

Şərqiyyə Səmədova şikayətində bildirib ki, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq keçirməsini məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb: “Halbuki hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi göstərilsə də, əslində o, izahatında törətdiyi əməli etiraf etməyib, törətdiyi əməli dolayısı ilə gizlətməyə çalışıb. Bundan başqa, hökmdə təqsirləndirilən şəxsin səmimi peşman olması göstərilib. Təqsirləndirilən şəxsin məni vurması nəticəsində təkcə dodağım partlamayıb, eyni zamanda baş-beyin silkələnməsi olub, sağ bazu, sol bilək nahiyəsindən qançırlı xəsarətlər almışam.

Bütün bunları nəzərə alaraq təqsirləndirilən şəxs öz törətdiyi əməli səmimi etiraf etməyib. Belə görünür ki, İlqar Məmmədov islah olunmayan şəxsdir, onun əməlində heç bir yüngülləşdirici hal yoxdur. Onun mənə qarşı olan hərəkətləri nəticəsində evimdə sərbəst yaşaya və evimə gedib-gələ bilmirəm, məcburiyyət qarşısında iki azyaşlı uşağımla kirayədə qalıram. Məhkəmə iclasında çıxışı zamanı təqsirləndirilən şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etsəm də, hökmdə ifadəm dəyişdirilib, qanun çərçivəsində ona cəza təyin edilməsini xahiş etdiyim göstərilib".

Zərərçəkmişin sözlərinə görə, məhkəmənin İlqar Məmmədova təyin etdiyi cəza yüngüldür, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur.

Dövlət ittihamçısı Elnar Hüseynov çıxış edərək, zərərçəkmiş tərəfindən verilən apelyasiya şikayətini müdafiə edib, zərərçəkmişin apelyasiya şikayətinin təmin olunmasını istəyib.

Zərərçəkmişin apelyasiya şikayətini qəbul etməyən İlqar Məmmədov bildirib ki, şikayətdə qeyd olunmuş dəlillər əsassızdır.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Zərərçəkmiş Şərqiyyə Səmədovanın təqsirləndirilən şəxsə daha ağır cəza verilməsi barədə apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər