Xalq artisti Məleykə Əsədovanın sevgilisi kimi tanınan Asif Vəliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Asif Vəliyev 2011-ci ildə özgənin etibarından sui-istifadə etməklə dələduzluq cinayəti törədib. O, Yasamal sakini Kərəm Abbasovu Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə söz verərək 2300 manat pulunu mənimsəyib.
Daha sonra Lalə Babaşovaya Türkiyədən avtomobil gətirəcəyi vədi verib və 8 min manatını ələ keçirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində 178.3.2-ci (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin ağır xəstəliyi ilə əlaqədar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Az müddətdən sonra ev dustaqlığına da xitam verilib.
Asif Vəliyev 2013-cü ildə Gürcüstanda saxlanıb. Müəyyən edilib ki, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə axtarış elan edilib. Bundan sonra Asif Vəliyev həbs olunaraq Bakı istintaq təcridxanasına təhvil verilib.
Əvvəllər Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə) maddəsi ilə 2 il azadlıqdan məhrum edilən Anar Əhmədov barəsində isə növbəti dəfə 177.3.2-ci (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin o, qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Bir müddətdən sonra tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, Anar Əhmədov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Asif Vəliyevin barəsində cinayət işinin icraatı ayrılıb və ayrıca icraatda istintaq hərəkətləri aparılıb. İstintaq zamanı əvvəllər iki dəfə dələduzluq əməlinə görə məhkum olunan Asif Vəliyevin başqa cinayəti də üzə çıxıb.
Müəyyən edilib ki, Asif Vəliyev özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Anar Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 4 may 2013-cü ildə saat 13 radələrində Anar Əhmədovun idarə etdiyi “Daevoo-Nexia” markalı avtomobillə Fərid Abbasovun sürdüyü “Audi-Q7" markalı avtomobili Bakı şəhəri, Ə.Haqverdiyev küçəsində yerləşən valyuta dəyişmə məntəqəsinin qarşısından Novxanı qəsəbəsində H.Əliyev küçəsində yerləşən bağ evinin qarşısına qədər izləyiblər.
Hər iki tanış Fərid Abbasovun avtomobili küçədə saxlayaraq həmin bağ evinə girməsini görüblər. Onlar bundan istifadə edərək avtomobilin qapısının şüşəsini sındırıblar, polietilen torbanın içərisindəki 31380 manat ekvivalentində olan 40.000 ABŞ dollarını və 24.000 manat pulu oğurlayıblar.
Buna görə də Asif Vəliyevə CM-nin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Asif Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Rəşad Mirmehdizadə apelyasiya şikayəti verib. Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmünün ləğv edilməsini, Asif Vəliyevin əməlinin Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilməsini və həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsi xahiş edib.
Vəkilin şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Rəşad Mirmehdizadə bildirib ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir: “Hökm çıxarılarkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb. Bundan başqa birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamayıb, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla əsaslandırılıb. Məhkəmənin hökmü ehtimallara və mülahizələrə əsaslanır, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur”.
Müdafiəçi apelyasiya şikayətində Asif Vəliyevin ifadəsinə əsaslanaraq göstərib ki, hüquqlarını müdafiə etdiyi şəxs məhz Anar Əhmədovun ifadəsinə əsasən tutulub: “13 may 2013-cü il tarixdə gecə saatlarında Asif Vəliyev Anar Əhmədovla birlikdə Novxanıda ad günündə olub, təxminən saat 03.30-da Lökbatana gəlib və Anardan ayrılıb. Gecə mobil telefonu Anarın maşınında qalıb.
Saat 09:45-də onun telefonundan Anar evinə zəng edib və telefonunun onun maşınında qaldığını bildirib. Hadisə baş verən gün günorta saat 12 radələrində Asif Vəliyev uşaqlarını keçmiş “Torqovıy” küçəsinə gəzməyə aparıb, bunu təsdiq edən şəkillər də mövcuddur. Sonradan Anar Əhmədov Asif Vəliyevə bildirib ki, gürcü Dato adlı şəxslə Novxanıda maşından pul götürüblər. Pulu da Dato götürərək gedib. Hadisə gündüz saat 1-də baş verib, Asif Vəliyev isə həmin vaxt “Bakı bulvarında” kafedə olub. Sonradan anası Asifə axtarıldığını deyib, Anar ona pul verməyib, bundan sonra Asif Qazaxa gedib. Anar ona kağız qoyaraq bildirib ki, adını əlacsızlıqdan istintaqa deyib".
Müdafiəçi apelyasiya şikayətində Anar Əhmədovun ifadəsinə əsaslanaraq qeyd edib ki, Asif Vəliyevin ifadəsini o da təsdiq edib -cinayəti Asif yox, həmin vaxtı Anarla birlikdə avtomobildə olan Dato törədib: “Asifin bu cinayətin törədilməsinə heç bir aidiyyəti yoxdur. Anar Əhmədov ibtidai istintaq və özü barəsində keçirilən məhkəmə zamanı Asifin bu cinayəti onunla birlikdə törətməsinə dair verdiyi ifadələrindən imtina edib, Asifin adını ona görə çəkib ki, Asif ona azadlığa çıxmaqda kömək etsin”.
Vəkil daha sonra əlavə edib ki, Asif Vəliyevə verilən ittihamı təsdiq edəcək hər hansı sübut növü müəyyən olunmayıb: “İş üzrə zərərçəkmiş şəxs və digər şahidlər Asif Vəliyevi tanımadıqlarını bildiriblər. Bundan başqa, birinci instansiya məhkəməsi Asif Vəliyev barəsində ittiham hökmü çıxararkən ancaq ibtidai istintaq zamanı, qapalı şəraitdə verilmiş ifadələrə əsaslanıb və həmin ifadələr də məhkəmə istintaqı zamanı təkzib olunub. Dəfələrlə şahid Kəmalə Novruzovanın dindirilməsi tələb olunsa da, məhkəmə bir neçə dəfə buna görə təxirə salınsa da, onun dindirilməsi mümkün olmayıb”.
Müdafiəçi daha sonra apelyasiya şikayətində Asif Vəliyevin əvvəllər məhkumluq həyatı yaşamamasını, himayəsində 2 azyaşlı uşağın olmasını və cəzanı ağırlaşdıran halların yoxluğunun nəzərə alınmasını xahiş edib. Müdafiəçi daha sonra apelyasiya şikayətində Asif Vəliyevin ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, bronxit, xroniki virus hepatiti C kimi xəstəlikləridən əziyyət çəkdiyini göstərib.
Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib. Asif Vəliyevin cəzası 8 ilə endirilib.
Hacı Zeynalov