Sankt-Peterburqda Nevski rayon İstintaq Komitəsi 53 yaşlı Azərbaycan vətəndaşının qətlə yetirilməsiylə bağlı cinayət işi açıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, mərhum həmyerlimiz fevralın 12-nə keçən gecə vurulub.
Məlumata görə, Podvoyski küçəsində yerləşən 14/1 nömrəli binanın sakinləri gecə yarısı dalbadal bir neçə atəş səsi eşidib. Səs-küyə yığışan sakinlər evlərinin yanında kişi cəsədinin olduğunu görüb. Polis isə öldürülən şəxsin Azərbaycan vətəndaşı olmasını üzə çıxarıb. O, ürəyindən aldığı güllə yarası nəticəsində təcili tibbi yardım gəlməmişdən əvvəl vəfat edib.
Qeyd edək ki, mərhum yanağından da güllələnib.
Cinayəti törədən şəxs isə silahı da götürərək hadisə yerindən avtomobillə uzaqlaşıb. Bina sakinləri maşının markasını və rəngini ayırd edə bilməyib. Bu küçədə videonəzarət də yoxdur.
Qeyd olunur ki, öldürülən azərbaycanlı 2015-ci ilin dekabrında həbsxanadan azadlığa buraxılmışdı.