Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.
Ağcabədi Rayon Prokurorluğundan APA-ya şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.
Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.
Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.