Bu günlərdə Ali Məhkəmədə “Unibank” KB ASC-nin Nərimanov filialının keçmiş əməkdaşı Sahib Ağayev barəsində Baş Prokurorluğun verdiyi kasasiya protestinə baxılacaq.
Teleqraf.com xəbər verir ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə Sahib Ağayev barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və ona bəraət verilib. Sahib Ağayev məhkəmə zalından azadlığa buraxılıb.
Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək bəraət hökmünün ləğvini istəyib. Ali Məhkəmədə baxış zamanı hakim Fərhad Kərimov prokurorluğun protestini təmin edib və apelyasiya instansiyasının qərarını ləğv edib. Bundan sonra cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib.
Bu dəfə Bakı Apelyasiya Məhkəməsində cinayət işinin hakim Qədim Babayev araşdırıb. Qərara görə, Sahib Ağayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi həmin məcəllənin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsüf edilib. Həmin maddə ilə Sahib Ağayev 5 min manat cərimə olunub, onun həbsdə yatdığı 10 ay 28 gün də hökmə əlavə edilib və onun barəsinə təyin edilmiş cərimə cəzası 1500 manata endirilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin etmə müddəti bitdiyini nəzərə alan hakim kollegiyası həmin maddəni ittihamdan xaric edib. Bankın mülki iddiası təmin edilməyib.
Bu qərardan Baş prokurorluq kasasiya protesti verib. Məhkəmədən Teleqraf.com-a bildiriblər ki, kasasiya protesti hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılacaq. Yaxın günlərdə ilkin məhkəmə prosesi keçiriləcək.
Bu barədə Sahib Ağayev prezident İlham Əliyevə müraciət edib. Sahib Ağayev müraciətində güman edib ki, onun həbs edilməsi üçün yeni plan qurulur: “Yenidən oyun hazırlayıblar ki, işi yenidən ləğv edib yeni apelyasiya baxışına təyin etsinlər. Prokurorluğun bəzi əməkdaşları dayanmır, çünki dayandıqları təqdirdə qanunsuzluq edən müstəntiqin başı ciddi şəkildə ağrıyacaq. Əlbəttə ki, dövlət ittihamçılarına sadə bir Azərbaycan vətəndaşının taleyi maraqlı olmalıdır. Amma belə deyil. Bankın rəhbərliyinin sifarişini böyük məmnuniyyətlə icra edirlər. Vətəndaşın taleyi necə olursa olsun, əsas odur ki, qanunsuz əməllər ört-basdır olunsun.
Hər kəsə aydın şəkildə məlumdur ki, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi birbaşa Sizin imzanızdan sonra qüvvəyə minir. Yəni ki, bu kitablardakı hər bir cümlə Sizin tərəfinizdən yoxlanılır və qəbul edilir. Lakin bəzi məmurlar və hakimlər Sizin dəyərli imzanıza hörmət etməyərək, əhəmiyyət vermədən bəzi qanunları tətbiq etmir və ya da ki, öz istədikləri formada tətbiq edirlər.
CM-in 14.2-ci maddəsində qeyd olunur ki: “Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir”. Yəni, bu maddənin açıq-aydın izahı ondan ibarətdir ki, əgər hər hansı bir əməldə formal olaraq cinayət əlaməti vardırsa, lakin bu əməl ictimai təhlükə yaratmırsa, cinayət hesab edilmir. Mənim əməlimdə 3 nəfər öz doğmalarımın adına kredit rəsmiləşdirib, kredit şəklində pulu özüm götürmüşdüm və bu pulları da şikayət olunmamışdan çox əvvəl öz istəyim və məsuliyyətimlə artıqlamasıyla ödəmişəm. Burada hansı cinayətdən söhbət gedə bilər?
Lakin bəzi hakimlər “Unibank” KB ASC-nin tam məğlubiyyətini ört-basdır etmək naminə AR CM-nin 14.2-ci maddəsini tətbiq etmir və bununla da mənə ləkə vurmaqla yanaşı, Sizin imzaladığınız qanunlara da riayət etmirlər.
Ümumiyyətlə, CM-in 14.2-ci maddəsinin hər hansı bir şəxsə tətbiq edilməsi də praktikada ya yoxdur, ya da nadir hallardadır. Eyni zamanda, məhkəmə baxışlarında da dəfələrlə aparılmış araşdırmalardan aydın göründü ki, mənim işim mülki məsələdir. Şahid və zərərçəkmiş qismində tanınmış şəxslərin də ifadələri bunu sübut etdi.
Ailəmiz çox ağır durumdadır. Hətta vəziyyət o hala gəlib çıxmışdır ki, yaşadığımız evin kirayə haqqını belə ödəyə bilmirik. Üzərimdə olan bu məhkəmə prosesləri, tarixçəmin ləkələnməsi işləməyimə böyük əngəllər yaradır. Vəziyyətimiz çox ağırdır.
18 fevral 2016-ci il tarixdə hakim İnqilab Nəsirovun sədrliyi ilə Ali Məhkəmə baxışı təyin edilmişdir. Sizdən çox xahiş edirəm, bu məhkəmə prosesində haqq-ədalətin bərqərar olunmasında, işimə qanunla baxılmasında və sübutlarıma düzgün hüquqi qiymət verilməsində mənə köməklik göstərəsiniz”.
Hacı Zeynalov