Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Etibar Baxışzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2015-ci ilin yanvar aynda Daxili İşlər Nazirliyinin məlumatına görə, daxil olan əməliyyat məlumatı əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar.
Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunublar, Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan “Makarov” tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Baxışzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, saxlanılan digər şəxs Ceyhun Baxışov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Baxışovun apelyasiya şikayəti də təmin edilməyib.
Qeyd edək ki, hər iki şəxs kriminal aləmdə nüfuza malik olan “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxınlığı ilə seçilir.
Hacı Zeynalov