Kiçik çavuşu öldürən gəncə 18 il cəza verildi
Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Tural Bəyverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tural Bəyverdiyev 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçudur, rütbəsi kiçik çavuşdur.
İttihama görə, Tural Bəyverdiyev 6 mart 2015-ci il tarixdə saat 12.00- 12.30 radələrində tağım komandiri, eyni zamanda onun xidmət apardığı döyüş postunun başçısı olan leytenant İqbal Şərbətovun tapşırığına əsasən, ailə vəziyyəti ilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılması nəzərdə tutulan, həmin manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Anar Bayramovun üzərində böyük təyin olunub.
Anar Bayramovu taborun dayaq məntəqəsinə aparmaq məqsədilə o, postdan əsgərlə birlikdə yola düşüb. Təxminən 5 saata yaxın qarla örtülmüş, enişli-yoxuşlu dağlıq ərazidə cığır aça-aça hərəkət ediblər. Saat 17 radələrində uzun müddət hərəkət etmək məcburiyyətində qaldığından taqətsiz vəziyyətə düşən Anar Bayramov Tural Bəyverdiyevin istifadəsində olan mobil telefonla təxminən 30-40 dəqiqə ailə üzvləri ilə danışıb.
Daha sonra Anar Bayramov yorulduğunu, taborun dayaq məntəqəsinə nəzərdə tutduğu vaxtda çata bilməyəcəyini, nəticədə hərbi hissədən gec çıxacağına görə bacısının 7 mart 2015-ci il tarixdə Sumqayıt şəhərində keçirilməli olan toy məclisində iştirak edə bilməyəcəyini bildirib. O, acıqlı şəkildə narazılığını ifadə edib, artıq yorulduğundan hərəkət edə bilmədiyini deyib, cığırın kənarında, qarın üstündə oturub.
Tural Bəyverdiyev bir neçə dəfə Anar Bayramovdan ayağa qalxaraq getməyi tələb edib. Amma Anar Bayramov hərəkət edə bilmədiyini deyib. Vəziyyəti belə görən Tural Bəyverdiyev Anarı qorxutmaq üçün, postdan çıxarkən təhlükəsizlik məqsədilə götürdüyü, özünə təhkim olunmuş AKM markalı avtomat silahı çiynindən çıxarıb və qoruyucunu açaraq “tək-tək” atış rejiminə qoyub. O, silahın lüləsini Anar Bayramovun sifətinə tuşlayıb, “vuraram” deyə bildirib.
Əsgər “vura bilməzsən, hünərin çatmaz” cavabını qaytarıb.
Bundan sonra Tural silahın üzərində olan darağı silahdan ayırıb, darağın içindən üstdəki iki ədəd təlim patronlarını çıxararaq şalvarının cibinə qoyub, içində 28 ədəd döyüş patronu olan darağı yenidən silaha birləşdirib. O, sürgü qolunu çəkərək buraxıb.
Bundan sonra Tural Bəyverdiyev silahı atəş üçün hazır vəziyyətə gətirib.
Anar Bayramovun tələbə baxmayaraq ayağa qalxıb hərəkətini davam etdirməməsi, atəş açacağı ilə qorxutduqda isə atəş açmağa hünərinin çatmayacağını deməsi Tural Bəyverdiyevə pis təsir edib. O, bunları bəhanə edərək avtomat silahının lüləsini Anar Bayramovun alnının ortasına tuşlayıb. Tətiyi basaraq təxminən 1-2 sm məsafədən bir dəfə atəş açıb.
Anar Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.
Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Hərbi Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın ilk 5 ilini həbsxana rejimində, qalan hissəni isə ciddi rejimli cəza müəssisəsində çəkilməsi barədə qərar qəbul edib.
Hökmdən narazı qalan Tural Bəyverdiyevin vəkili Habil Bəhmanov apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxs barəsində olan hökmün ləğv edilməsini, ona ədalətli cəza təyin olunmasını istəyib. Vəkilin yazdığı şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Vəkil bildirib ki, birinci instansiya məhkəməsi Tural Bəyverdiyevin qeyd olunan ifadəsinə özünü müdafıə xarakteri daşımaq kimi hüquqi qiymət verib. Vəkilin sözlərinə görə, işin faktiki halları, iş üzrə toplanmış materialları tam tədqiq etmədən ibtidai istintaqın gəldiyi nəticəni olduğu kimi, formal deyil, məzmun cəhətdən anlayış verilməli və ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğu nəzərdən keçirilməli olduğu halda bunlara səthi yanaşılıb: “İş üzrə yeganə istinad olunan ilkin sübut növü Tural Bəyverdiyevin 8-9 mart 2015-ci il tarixlərdə verdiyi ifadələrdir və ittihamın məzmununu da məhz həmin ifadə təşkil edir. Bu isə ittihamın hüquqi tövsifini mübahisələndirir.
İş üzrə məhkəmənin istinad etdiyi digər şahid ifadələri və ekspertiza rəyləri də var. Lakin həmin sübut növlərindən kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyi istisna olmaqla, qalanları Tural Bəyverdiyevin əməlinin subyektiv cəhətini deyil, yalnız əməlin törədilməsini sübutetmə vəzifəsi daşıyır.
Qeyd etdiyi kimi, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyi və Tural Bəyverdiyevin ifadəsi birbaşa əməlin motivinə təsir edən amillərdir. Bu da ittihamda əməlin xuliqanlıq niyyəti ilə törədildiyini istisna edən haldır. Göründüyü kimi, məhkəmənin və ibtidai istintaqın istinad etdiyi ittihamın məzmununda xuliqanlıq niyyəti ilə cinayət əməlinin törədilməsi təkzib olunur".
Vəkil qeyd edib ki, Tural Bəyverdiyevin mərhum Anar Bayramova qarşı hər hansı neqativ hərəkəti olmayıb, ona qarşı əxlaq normalarını pozan, bunlara etinasızlıq və hörmətsizlik ifadə edən, laqeydlik göstərən hərəkətlər etməyib, ifadə səsləndirməyib: “Turalın mərhumu mübahisə və münaqişəyə sövq edəcək hər hansı nalayiq hərəkəti, ifadəsi olmayıb. Hadisə ictimai yerdə, yaxud digər əsgər yoldaşlarının yanında baş verməyib. Məhkəmə də bu kimi halları, eləcə də onlar arasında olan münasibəti, mərhumun hadisədən əvvəlki davranışını, cinayətin subyektiv cəhətini təhlil etməyib.
Məhkəmə qeyd etdiyim izahat və ifadəni sübut götürürsə, o, zaman nəzərə almalı idi ki, məhz mərhum Anar Bayramovun davranışları mübahisənin qısa zaman içində kəskinləşməsinə, nalayiq ifadədən sonra Tural Bəyverdiyevin psixi-emosional durumunun gərginləşməsinə səbəb olub".
Habil Bəhmanovun sözlərinə görə, Tural Bəyverdiyevin hadisə zamanı psixi-emosional vəziyyəti barədə məhkəmənin istinad etdiyi kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, cinayət törədərkən Tural Bəyverdiyevin psixi-emosional sferasında hirslilik, qəzəbilik əmələ gəlib: “Həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olub, hirs, qəzəb Anar Bayramovun ona tabe olmaması, ona qarşı nalayiq ifadə işlətməsi kimi amillərlə şərtləşib.
Bundan başqa, iş üzrə bir sıra ziddiyyətli məqamlar da var. Belə ki, 8-9 mart 2015-ci il tarixlərində alınmış ifadələrdə qeyd olunur ki, Tural Bəyverdiyev atəşdən əvvəl daraqdan götürmüş olduğu təlim güllələrini sonradan izi itirmək məqsədi ilə mərhumun isti gödəkçəsinin cibinə qoyub. Paltarlara baxış protokolundan isə görünür ki, həmin təlim güllələri mərhumun şalvarının yan cibindən aşkar olunub. Bu şübhə də digər sübutlarla aradan qaldırmaq mümkün olmadığı üçün Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təsvir edilir.
Məhkəmə Tural Bəyverdiyevə cəzanın 5 ilini həbsxana rejimində çəkməklə 18 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən onun şəxsiyyətinə də düzgün yanaşmayıb. İş üzrə dindirilən şahid ifadələrindən görünür ki, Tural Bəyverdiyev nizam-intizamlı əsgər olmaqla yanaşı, zəhmətkeşliyi ilə də yadda qalıb. Hətta şahidlər onun bu hadisənin törətməsinə belə təəccüblə yanaşıblar. Hadisə vaxtına qədər özünü digər əsgər yoldaşlarından üstünlüyünü nümayiş etdirən hərəkətlər etməyib, ətrafdakılara qarşı laqeyd olmayıb".
Vəkil bildirib ki, cinayətin Tural Bəyverdiyev tərəfindən törədilməsi, yaxud məhkəmənin qeyd etdiyi kimi özünümüdafıə kimi təqsirli bilməməsi halında belə ona amansız, qəddar, islah olunmaz bir insan kimi həbsxana rejimi təyin etmək humanizm prinsipindən tam uzaqdır: “Ona görə də, Gəncə Hərbi Məhkəməsinin hökmünü ləğv edib, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum olunmuş Tural Bəyverdiyev barəsində ədalətli yeni hökm qəbul edilməsini xahiş edirəm”.
Apelyasiya instansiyasında çıxış edən dövlət ittihamçısı Nəsif Nəcəfov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü tam ədalətlidir. Müdafiə tərəfinin ittihamlarına cavab verən dövlət ittihamçısı qeyd edib ki, apelyasiya şikayətində göstərilən dəlillərin heç bir əsası yoxdur. Nəsif Nəcəfov Tural Bəyverdiyevin vəkilinin səsləndirdiyi apelyasiya şikayətini təmin edilməməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Günəş Bayramova bildirib ki, mərhum Anar Bayramov onun oğludur. Günəş Bayramova oğlunu qatilinin cəzalandırılmasını istəyib.
Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Tural Bəyverdiyevin vəkili Habil Bəhmanovun verdiyi apelyasiya şikayəti təmin edilməyib, Gəncə Hərbi Məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.
Hacı Zeynalov