Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluq Gəncədə baş verən dəhşətli qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, respublikanın polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü “İsti izlər”lə açılıb.
Belə ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, E.Cəlilov kiqboksinq üzrə iki dəfə Azərbaycan çempionu olub.
Hacı Zeynalov