23 Fevral 2016 14:18
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Vahid Əhmədov 81 müştərinin banka qoyduğu 38 milyon manat pulu mənimsəmiş “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun azadlığa buraxılmasına münasibət bildirib.

Deputat Teleqraf.com-a açıqlamasında deyib ki, vətəndaşları aldadaraq pullarını mənimsəyən dələduz bankir və onun oğlu cəzasını mütləq çəkməlidir: “Ortalıqda cinayət var, o, cəza alıb, cəzasını da axıradək çəkməlidir. Bu adamı nə üçün azadlığa buraxıblar, bunu araşdırmaq lazımdır. Yenə də qeyd edim ki, əgər şikayətçilərə vurulan ziyan aradan qalxmayıbsa, onların vəsaitləri geri ödənilməyibsə və şikayətçilər şikayətçi kimi qalırlarsa, buna görə həbs olunan dələduzun azadlığa buraxılması qanunsuzdur. Ümumiyyətlə, onu necə azadlığa buraxıblar, bu, sual doğurur. İstənilən halda vətəndaşlara dəyən zərər ödənməlidir. Əks halda, dələduzun azadlığa buraxılması mümkün deyil”.

Xatırladaq ki, bir müddət əvvəl İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apellyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib və o, dərhal azadlığa buraxılıb.

Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv ediblər. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə material apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından azadlığa buraxılıb.

İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.

Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin zərəri ödənmədən dələduzun azadlığa buraxılmasına qanun yol vermir.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər