Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı qətlə yetirən 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, hadisə 2015-ci ilin oktyabr ayında baş verib.
1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İlahə Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb.
Keçən il oktyabrın 29-da Babək Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan Babək Əliyev İlahə Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Babək Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib.
Hacı Zeynalov