29 Fevral 2016 17:35
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ötən ilin yanvarın 6-da “Sahil” bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Elçin Çobanov həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib.

Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o, həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Elçin Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Çobanov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Baş prokurorluqda apelyasiya şikayəti verərək, Elçin Çobanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, Elçin Çobanovun barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Proses martın 14-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər