2 Mart 2016 11:53
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən Fikrət Məmmədov ötən il dünyada baş verən qlobal böhranlara baxmayaraq Azərbaycanda əsası dahi öndərimiz tərəfindən qoyulmuş intensiv inkişaf kursunun ölkə prezidenti İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini, dövlət başçısının apardığı iqtisadi islahatların, qətiyyətli addımlarının, habelə qeyri-neft sektorunun inkişafının təşviqinin qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı çoxsaylı məsələlərə baxılaraq konkret qərarlar qəbul edilmiş, bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb.

Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılaraq bu sahədə əhatəli təhlillər aparılmış, müxtəlif qanunvericilik layihələri Şuranın iclasında müzakirə edilib, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatı müəyyən olunaraq Şuranın funksiya və səlahiyyətləri genişləndirilib, Şura və Hakimlərin Seçki Komitəsinin tərkibi yenilənib.


Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlək mexanizmlər yaradılmış və ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, habelə, qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib.

Məhkəmə səhvlərinin azaldılması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 40-dək tədris tədbirləri, habelə məhkəmə işçiləri üçün silsilə təlimlər təşkil olunmuş, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilib.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilərək ölkəmizin Dünya Bankı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində artıq bir çox məhkəmələr üçün yeni binalar inşa edilərək istifadəyə verilmiş, 5 məhkəmə üçün binalar inşa olunmaqdadır.

Dövlət büdcəsi hesabına inşa edilən daha 4 məhkəmə üçün isə binaların cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ötən il yeni inşa olunmuş və ən müasir avadanlıqla, o cümlədən elektron informasiya texnologiyaları ilə təchiz edilmiş Sabunçu və Şəki Məhkəmə Komplekslərinin inşası başa çatdırılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 6 məhkəmənin yerləşdiyi, konseptual baxımdan tam yeni olan və öz funksionallığı ilə fərqlənən bu komplekslərin açılışlarında şəxsən iştirakı və yaradılan şəraitlə yaxından tanışlığı məhkəmə hakimiyyətinə böyük etimadın və yüksək qayğının təzahürü olmaqla xüsusi iftixar və dərin rəğbətlə qarşılanıb.

Şəki Məhkəmə Kompleksinin açılışında cənab Prezident hakimlərlə keçirdiyi müşavirə zamanı aparılan mütərəqqi islahatları və Şuranın fəaliyyətini müsbət qiymətləndirmiş, eyni zamanda məhkəmə sahəsində işin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqlar vermiş, qarşıda mühüm vəzifələr qoymuşdur. Bir çox problemlər, o cümlədən ən təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılması, məhkəmələrdə şəffaflığın artırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, əsassız tələblərin qarşısı alınmaqla vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi xüsusi vurğulanıb.

Dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təxirəsalınmadan Məhkəmə-Hüquq Şurasının hakimlərin, prokurorların, ədliyyə işçilərinin və vəkillərin iştirakı ilə geniş iclası, Şəkidə isə yeni məhkəmə kompleksində regional müşavirə keçirilmiş, bütün hakim korpusunun əhatə olunduğu bu iclaslarda konkret tədbirlər müəyyən edilib.

Ötən ilin mühüm hadisələrindən biri də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinin qeyd edilməsi olub.

Bununla əlaqədar ötən müddət ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilmiş tədbirlər vurğulanıb. Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılmış, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlanıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırmış, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatmış, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib.

Qeyd olunmalıdır ki, qəbul edilmiş qərarların stabilliyi də artmış, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb.

İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkəmizdə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanıb.

Qeyd edilib ki, ötən il Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunub və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr olunub.

Bildirilib ki, Avropa Şurasının bu nüfuzlu nəşrində ölkəmizdə irimiqyaslı məhkəmə islahatlarının müsbət nəticələri, o cümlədən məhkəmə özünüidarəsinin genişlənməsi, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşməsi, texnoloji yeniliklərin tətbiqi və şəffaflığın təmin olunması üzrə işlərin digər Avropa dövlətlərinə nümunə göstərilməsi məhkəmə islahatlarımıza verilən dəyərin və dövlətimizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür.

İclasda Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər Şura üzvləri çıxış edərək ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işləri məqbul qiymətləndirmiş, qarşıda duran vəzifələrə toxunulmuş, fəaliyyətin dövlət başçısının yüksək tələbləri səviyyəsində qurulması, mövcud nöqsan və problemlərin aradan qaldırılması, «Elektron məhkəmə» informasiya sisteminin tətbiqi, məhkəmə monitorinqlərinin səmərəsinin artırılması ilə bağlı tədbirlər müəyyən olunub.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin bir sıra təşkilati məsələlərə baxılmış, vakant olan Şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilmiş, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.

Eyni zamanda, 3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər