Daxili İşlər Nazirliyi Lerik rayonunda məktəb direktorunun cinayət törətməsi və daha sonra intihar etməsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə martın 2-də, saat 05.00 radələrində baş verib.
Lerik rayonunun Veri Əliabad kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib və tüfəngdən ona atəş açıb. Amma güllə S.Qurbanova dəyməyib.
Sonra Adil Rəhimov bıçaqla ona və onun həyat yoldaşı Sevdaya xəsarət yetirib, sonra hadisə yerini tərk edib. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.
Lerik rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb.
S.Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.
Qeyd edək ki, Adil Rəhimov qəbristanlıqda şəhid qardaşının məzarı üstündə özünü öldürüb. Onun məktəb direktoru olduğu bildirilir.
Hacı Zeynalov