Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə əqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxış edərək müdafiə etdiyi şəxsə verilən ittihamı əsassız adlandırıb. Vəkil Arif Əliyevə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bəraət verilməsini istəyib.
Daha sonra təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev çıxış ediblər. Onlar da Samir Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Məhkəmə prosesi martın 10-da davam edəcək.
Qeyd edək ki, dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Ötən il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.
Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrıca icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hacı Zeynalov