Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol polisinə ağır xəsarət yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Namiq Xanalıyev cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü il noyabrın 17-18 keçən gecə Xətai prospekti, 40 saylı evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus “Toyota Prado”nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Əbuzər Hüseynov tərəfindən saxlanılıb.
Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb. Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.
Əvuzər Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb. Hadisədən sonra Namiq Xanalıyev saxlanılıb.
Sürücü ilkin ifadəsində bildirib ki, heç bir qayda pozmayıb: “Polis işiqforda məni kənarda saxlmağımı tələb etdi. Maşını kənara çəkdim. Kobud şəkildə mənə içki qəbul edib, etməməyimlə bağlı sual verdi. Bir başa olaraq yol patrul haqqında təlimatı kobud şəkildə pozdu. Ona ədəbli danışmağı tələb etdim və bildirdim ki, məhərrəmlik ayıdır, namaz qılan adamam, təkid etdi, sənədlərimi vermədim. Maşını sürmək istəyəndə özünü atdı, pəncərədən yapışdı və söyüş söyməyə davam etdi. Əyləci basıb, saxlayanda yerə yıxıldı”.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib. Vəkil cinayət işi ilə tanış olmadığını deyib və cinayət işi ilə tanış olması üçün vaxt istəyib.
Bu səbəbdən məhkəmə baxışı martın 10-a təyin edilib.
Hacı Zeynalov