5 Mart 2016 13:47
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlamaqda ittiham olunan Cəlilabad rayon sakini Bəyazid Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, 1991-ci il təvəllüdlü Bəyazid Ağayev ötən il yanvarın 7-də, saat 12 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən “Rizvan şirkəti” ticarət mərkəzindən evə qayıdıb. O, həmin ticarət mərkəzinin girişi ilə üzbəüz yolun əks tərəfindəki Göytəpə şəhər sakini İlkin Əliyevin işlətdiyi mobil telefonların satışı mağazasının qarşısında dayanan 1988-ci il təvəllüdlü Mansur Vəliyev onu yanına çağırıb.

Söyüş üstündə dava

Mansur Vəliyev əvvəllər xəbərdarlıq etməsinə baxmayaraq son günlər yenidən yaşadığı məhəllə tərəfdə gəzməsini Bəyazidə irad tutub. O, Bəyaziddən onların məhəlləsində hansı səbəbdən gəzdiyini soruşub.

Bəyazid Ağayev bunun şəxsi işi olduğunu deyib. Əsəbiləşən Mansur Vəliyev onu söyərək təhqir edib, Bəyazid də onu yumruqla vurub.

Daha sonra İlkin Əliyevə məxsus mağazaya giriblər. Mağazada əlbəyaxa olan gəncləri İlkin Əliyev aralaşdırıb.

Bundan sonra Bəyazid Ağayev Mansur Vəliyevin çağırışına məhəl qoymayaraq mağazadan uzaqlaşmaq istəyib. Mansur yenidən ona və ailə üzvlərinə söyüş söyüb. Bunu özünə qarşı təhqir kimi qəbul edən Bəyazid Mansuru qisas məqsədilə öldürmək qərarına gəlib.

Bu məqsədlə yaxınlıqda olan piştaxtanın satıcısı Elçin Qürbətovdan 3 manata bıçaq alıb və geri qayıdıb. O, “Rizvan şirkəti” ticarət mərkəzinin girişində Mansur Vəliyevin üstünə hücum çəkib, bıçaqla ona çoxsaylı zərbələr vurub. Cinayəti törədəndən sonra hadisə yerindən uzaqlaşıb.

Mansur Vəliyevi yaxınlıqda olan taksi sürücüsü Feyruz Məmmədov Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

Bəyazid Ağayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəyazid Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəyazid Ağayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Valideynlərimi söydü”

Məhkəmədə ifadə verən Bəyazid Ağayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, Mansur Vəliyevi öldürmək niyyəti olmayıb: “Yanvarın 7-də bazardan qayıdarkən Mansur Vəliyev məni arxadan çağırdı və nəyə görə onların məhəlləsi tərəfdə gəzişdiyimi, məhəlləyə gəlməyimi qadağan etdiyini, ana-bacı söyüşü söyəcəyini bildirdi. Məni təhqir etməyə başladı. Onun təhqiramiz sözlərindən əsəbiləşərək bildirdim ki, məhəlləyə keçmişəm, özüm bilərəm. Sonra yumruqla onu vurdum. Zərbənin təsirindən Mansur Vəliyev yaxınlıqda olan telefon mağazasının içinə tərəf yıxıldı.

Sonra ayağa durdu, orada işləyən tanımadığı şəxs bizi araladı. Mən də mağazadan çıxdım. Evə getmək istəyərkən bazarın girişi ilə üzbəüz maşın yolunda Mansur yenidən məni arxadan bir neçə dəfə çağırdı. Lakin cavab vermədim və hadisə yerindən uzaqlaşmağa çalışdım. Oradan uzaqlaşdığımı görən Mansur valideynlərimi nalayiq formada söydü".

“Peşmanam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mansurun söyüşlərini özünə ağır təhqir kimi qəbul edib və bundan əsəbiləşib. Satışda olan bıçaq alaraq geri qayıdıb. Onun sözlərinə görə, Mansur onu və valideynlərini söyməkdə, təhqir etməkdə davam edib: “Bu səbəbdən Mansuru cəzalandırmaq istədim. Bu məqsədlə tutuşaraq ona ünvansız bıçaq zərbələri vurdum. Bıçaqla vurarkən Mansuru öldürmək niyyətim olmayıb. Əgər öldürmək istəsəydim, mənə maneçilik törədən heç bir şəxs yox idi, onu öldürərdim.

Mansur Vəliyevlə yıxılmışam, sonra ayağa qalxaraq ondan dərhal aralanmışam. Mansurun ayağa durduğunu görəndə üstümə gələcəyindən qorxdum. Tez bazarın çıxışına doğru hərəkət edərək aralıda taksiyə mindım və cinayəti törətdiyim bıçaqla birlikdə Cəlilabad rayon polis şöbəsinə gələrək könüllü təslim oldum. Törətdiyi cinayət əməlinə görə peşmanam".

“Şikayətim yoxdur”

Zərərçəkmiş Mansur Vəliyevun sözlərinə görə, Bəyazidə məhəllələrində tez-tez gəzişmələrini irad tutub, o, inkar edib və buna görə aralarında narazılıq baş verib: “Bəyazid Ağayev göz nahiyəmdən yumruqla vurdu. Onunla dalaşaraq yaxınlıqdakı mağazanın içərisinə yıxıldıq. Sonra bir nəfər bizi araladı və Bəyazid oradan getdi. Bəyazid Ağayevi yenidən çağırdım, amma o, mənə cavab vermədi. Ona əsəbiləşərək nalayiq formada təhqir etdim.

Bəyazid Ağayev bazarın içinə girdikdən sonra geri qayıtdı və mənə yaxınlaşaraq yenidən dalaşmağa başladı. O, bədənimin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdi. Hər ikimiz yerə yıxıldıq.


Bəyazid Ağayev ayağa durdu, hadisə yerini tərk etdi, mən də yola çıxaraq yaxınlıqda olan taksi ilə xəstəxanaya getdim. Müalicəmlə bağlı mənə dəymiş maddi zərər Bəyazid Ağayevin anası tərəfindən tam ödənilib. Bəyazidlə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur. Onun ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsindəki azyaşlı uşağını, həyat yoldaşını və anasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş edirəm".

Təqsirləndirilən şəxsin vəkili Elçin Əliyev bildirib ki, zərərçəkmiş şəxsə çoxsaylı xəsarətlərin yetirilməsi göstərilsə də, əslində onlardan yalnız biri daxilə keçən ağır xəsarətdir, digərləri qarşılıqlı dalaşma nəticəsində yaranmış yüngül dərəcəli xəsarətlər olub: “Bundan əlavə, məhkəmə araşdırması zamanı təsdiq olunub ki, həmin xəsarətlərdən sonra Mansur Vəliyev ayağa qalxıb və bunu görən Bəyazid Ağayev dərhal hadisə yerindən uzaqlaşıb, taksiyə minərək polis şöbəsinə gəlib.

Göründüyü kimi, Bəyazidin zərərçəkmişi öldürmək niyyəti olsaydı, niyyətini başa çatdırardı, ona bu niyyəti başa çatdırmağa heç kim maneçilik törətmədiyi halda, heç bir hərəkət etməyib, əksinə hadisə yerindən uzaqlaşıb".

Müdafiəçi qeyd edib ki, birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan həmin halı məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə almayıb.

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.


Dövlət ittihamçısı Səyavuş Sadıqov bildirib ki, apelyasiya şikayətinin dəlillərinin əsassızdır. O, qeyd edib ki, Bəyazid Ağayevin əməli Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri ilə düzgün tövsif olunub və ona Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza təyin edilib.

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Bəyazid Ağayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər