13 İyun 2014 10:01
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində polisə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Vüqar İmanovun məhkəməsi başa çatıb. İttihama görə, ötən il, avqustun 14-də, saat 23.00-da Yasamal rayonunun “Moskva” prospektindəki körpüyə bomba qoyulması xəbəri verilib.

Həmin ünvanda 20 Yanvar körpüsünün altına gələn Vüqar İmanov ərazidə xidmət aparan Milli Qvardiyanın Xüsusi təyinatlı bölüyünün əsgəri Adil Bayramova yaxınlaşıb. Həmin şəxs qvardiyanın əsgərinə deyib ki, körpünün alt hissəsində partlayıcı qurğu yerləşdirilib və tezliklə körpü partladılacaq. Bundan sonra isə o, “Opel Sintra” markalı, 10 BH 172 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşıb.

Məlumat əsasında hüquq-mühafizə orqanları araşdırma aparıblar və çox keçmədən məlumatın əsassız olduğu üzə çıxıb. Dərhal yalan məlumat verən şəxsin axtarışları başlanılıb.

Müəyyən edilib ki, qvardiyanın əsgərinə yalan məlumat verən şəxs 1989-cu il təvəllüdlü Vüqar İmanovdur. O, maşını ilə birlikdə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu bölməsinə gətirilib. Burada Vüqar İmanovdan narkotik vasitə aşkarlanıb.

Vüqar İmanov Cinayət Məcəlləsinin 231.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddələri ilə ittiham edilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Vüqar İmanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif: