12 Mart 2016 12:41
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirli bilinən Biləsuvar rayon sakini, 1995-ci il təvəllüdlü Kənan Mayılzadənin məhkəməsi başa çatıb.

İttihama görə, Kənan Mayılzadə əvvəllər xuliqanlıq üstündə mühakimə olunub və Biləsuvar Rayon Məhkəməsinin 7 may 2013-cü il tarixli hökmü ilə 3 il şərti cəza alıb. O, növbəti dəfə daha ağır cinayət törədib.

5 oktyabr 2013-cü ildə Biləsuvar şəhərindəki "Ay işığı" şadlıq evinə toya dəvət alıb. Saat 22 radələrində toy məclisi keçirilən zala daxil olub və rəqs edənlərə baxıb.

Cinayəti başa çatdıra bilmədi

Bu zaman şadlıq evinin baş xörək paylayanı Elçin Xosiyev Kənana irad tutub və zaldan kənarlaşdırmaq istəyib. Onların arasında mübahisə yaranıb. Elçin Xosiyev Kənan Mayılzadəni nalayiq sözlərlə təhqir edib.

Bu səbəbdən həmin gecə yenidən şadlıq sarayının həyətinə gəlib, Elçin Xosiyevin ona qarşı nalayiq söz işlətdiyinə görə üzr istəməsini tələb edib. Onların arasında yenidən mübahisə düşüb, şadlıq evi rəhbərinin müdaxiləsindən sonra Kənan oradan gedib.

Kənan Mayılzadə oktyabrın 6-da, gecə saat 2 radələrində Elçin Xosiyevin yaşadığı evin yaxınlığına gedib, onun mobil telefonuna zəng vuraraq evdən küçəyə çıxmasını tələb edib. Elçin evdə olmadığını bildirib.

Bundan bir gün sonra Kənan Mayılzadə yenidən Elçinin işlədiyi şadlıq evinin həyətinə gəlib, onunla yenidən mübahisə etməyə başlayıb. Mübahisə zamanı Kənan bıçaqla Elçinin qarın nahiyəsindən vurub.

Elçin Xosiyev aldığı xəsarətdən sonra şadlıq sarayının həyətindən çıxaraq qaçmağa imkan tapıb. Kənan Elçin Xosiyevin arxasınca qaçıb. O, "dairə" adlanan yerə tərəf qaçsa da, Elçinin aldığı xəsarətdən öləcəyi nəticəsinə gəlib və onu daha təqib etməyib.

Elçin Xosiyevi qardaşı Elgün rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlər onun həyatını xilas ediblər.

İki maddəli cinayət işi, 10 il cəza

Kənan Mayılzadə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə) maddələri ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Kənan Mayılzadə apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə şahid qismində ifadə verən Elvin Məmmədov bildirib ki, Elçin Xosiyevi və Kənan Mayılzadəni Biləsuvar şəhər sakinləri kimi tanıyıb: "Oktyabrın 6-da "Ay işığı" şadlıq evində qonşumuz İdris müəllimin qızının toy məclisi keçirilirdi. Atamı da dəvət etmişdilər. Onun əvəzində toy şənliyində iştirak etdim. Bir-iki saat toyda oturandan sonra evə getdim. Evə gedəndən sonra saat 23 radələrində Kənan mobil telefon nömrəmə zəng edərək "kruq" deyilən yerə gəlməyimi, mənimlə işi olduğunu dedi. Oraya gedərək Kənanla görüşdüm".

"Zənn etdim ki, dalaşırlar"

Elvin Məmmədovun sözlərinə görə, Kənan ona bir yerdə "Ay işığı"na getməsini istəyib: "Kənanla birlikdə "Ay işığı" şadlıq evinə getdik. Ondan şadlıq evinə nə üçün getdiyini soruşmadım. Toy zalına girəndə məclisin qurtardığını, şadlıq evinin sahibi Azərlə Elçinin qapıya yaxın yerdə oturaraq söhbətləşdiklərini gördüm. Kənanla onlara yaxınlaşdıq, əllə görüşdük.

Orada söhbət açılanda Kənan Elçinə bayaq qardaşı ilə onu nə üçün söydüyünü, nə üçün ona hambal dediyini soruşdu. Mən də Elçinə Kənana hambal deməkdə səhv elədiyini söylədim. Daha sonra onların hər ikisini sakitləşdirdim, söhbət edə-edə zaldan çölə çıxdıq. Söhbət bununla qurtardı.

Azərlə zalın giriş qapısı ağzında foyedə dayanaraq başqa məzmunda ordan-burdan söhbət edirdik. Elçin nəyisə maşına qoyacağını deyərək bizdən aralandı, həyətdə saxladığım maşınına tərəf getdi. Bu zaman Kənan da bizdən aralanmışdı. 3-4 dəqiqə keçmişdi ki, Elçinin səsini eşitdim. Baxanda Elçinin şadlıq evinin həyətində çıxış qapısına doğru qaçdığını gördüm. Həmin vaxt Kənan da 5-6 metr arxada olmaqla onun ardınca qaçırdı. Belə zənn etdim ki, onlar dalaşıblar, Kənan onu yumruqla-zadla vurub. Onları aralaşdırmaq, dalaşmalarının qabağını almaq məqsədi ilə ardınca qaçdım".

"Elçin məndən də çəkindi"

Şahid daha sonra ifadəsində qeyd edib ki, Kənan və Elçin ard-arda şadlıq evinin həyətinin çıxış qapısından çıxaraq asfalt yola doğru qaçıblar: "Asfalt yola çıxanda sola buruldum, dairəvi yola tərəf qaçdım. Keçmiş mal bazarının tuşunda birinci olaraq Kənana çatdım, onun üstünə qışqıraraq "geri qayıt!" dedim.

Kənan dayandı, Elçin bir az qabaqda idi. Elçin qışqıraraq Kənanın əlindən bıçağı almağımı istədi. Daha Kənana tərəf getmədim, onun Elçini bıçaqla vurduğunu düşündüm. Buna görə də Elçinə çataraq nə baş verdiyini öyrənmək istədim. Arxadan qışqıraraq Elçinə dedim ki, mənəm, narahat olma. Lakin Elçin dayanmadı, məndən də çəkindiyini, mənim də onu vura biləcəyini düşündüyünü hiss etdim. Mənim sözlərimdən sonra yavaş yeriməyə başladı. Ona çatanda əli ilə qarnının sağ aşağı tərəfini tutduğunu gördüm. Həmin yeri göstərərək Kənanın onu bıçaqla vurduğunu söylədi.

Elçini sakitləşdirərək ürək-dirək verdim və xəstəxanaya aparmağı təklif etdim. Mobil telefonla qardaşı Elgünə zəng vurdu, "kruq"a gəlməsini, Kənanın onu bıçaqla vurduğunu dedi. Elçin qardaşının gələcəyini söyləyib, mənim evə getməyimi istədi. Buna görə mən ondan ayrıldım".

"Kənanı bağışlamamışam"

Zərərçəkmiş Elçin Xosiyev bildirib ki, aldığı ağır xəsarətlə bağlı müalicə xərclərinin əvəzini Kənandan istəməyib: "Mən Kənanı bağışlamamışam və onunla barışmamışam. Məni vurduqdan sonra qaçmışam, o da məni uzun müddət təqib edib. Elvin məni çağıraraq ona mane olub. Kənan Mayılzadə barəsində olan hökmün dəyişdirilməməsini xahiş edirəm".

Kənan Mayılzadə isə bildirib ki, Elçin Xosiyevi öldürmək fikri olmayıb, məqsədi Elçini cəzalandırmaq olub.

Hakim heyəti Kənan Mayılzadənin apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər