13 İyun 2014 13:19
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc oğlan Rusiyaya getmək istəyən arvadını azyaşlı uşaqlarının gözü qarşısında öldürüb

Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Sərxan Əsədov keçmiş həyat yoldaşı Esmira Əsədovanı amnasızlıqla qətlə yetirib. Dəhşətli hadisə 2013-cü il dekabrın 7-də, Yevlax rayonunun Səmədabad kəndində baş verib.

Sərxan Əsədov 2012-ci ilin dekabr ayının 24-də Yevlax rayon Məhkəməsinin hökmü ilə arvadından boşanıb. Onlar boşansalar da, bir evdə yaşayıblar. Dekabrın 7-si, saat 16.00-da onların arasında mübahisə düşüb. Mübahisə zamanı Esmira Əsədova keçmiş ərinin anası Ərkinazı söyüb. Bundan qəzəblənən Sərxan keçmiş arvadını öldürmək qərarına gəlib.

Esmiranı həyətdə görən Sərxan arxadan yaxınlaşaraq yerdən götürdüyü daşla onun başından vurub. Qadın zərbənin təsirindən yıxılıb, başı evin pilləkəninin ətrafına çəkilmiş divara dəyib, huşunu itirib. Bundan istifadə edən Sərxan daşla Esmiranın başına yenidən vurub.

Həmin vaxt səsə onların azyaşlı övladları Həsən və Ərkinaz gəliblər. Analarını yerdə qan içində görən uşaqlar ağlaşmağa başlayıblar. Sərxan onlara məhəl qoymayıb.

“Qızımın qatilinə ömürlük cəza verin”

Sərxan Əsədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Əsədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən mərhumun anası Səlminaz Əsədova narazı qalıb və apelyasiya şikayəti verib.

Şəki Apelyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə keçən prosesdə Rusiyada yaşayan Səlminaz Əsədova birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu deyib: “Məhkəmə cəza və cəzaçəkmə rejimini müəyyən etməkdə səhv nəticəyə gəlib. Sərxan qızımı azyaşlı övladlarının gözü qarşısında baş nahiyəsinə daşla vuraraq başını əzib. O, bu hərəkətlərini dəfələrlə edib və xüsusi cinayət törədib. Buna görə də qızımın qatilinə ömürlük həbs cəzasının verilməsi istəyirəm.
Məhkəmə qatil barəsində cəzaçəkmə rejimini müəyyən edərkən onun barəsində hər hansı müddətdə müəyyən olunmuş həbsxana rejimini müəyyən etməyib. Qızımı xüsusi amansızlıqla öldürən qatilin barəsində cəza həddi aşağıdır. Buna görə də ona ömürlük cəzanın verilməsini istəyirəm".

“Bu cəza nə mənə, nə də nəvələrimə toxtaqlıq verəcək”

Mərhumun anası deyib ki, Sərxandan boşanan qızı Rusiyaya getmək istəyib: “Qızım Rusiyaya yanıma gəlmək fikrindəydi. Amma Sərxan buna razı deyildi. Qızım mənim yanımda öz həyatını yaşamaq istəyirdi. Bu qatildən bir-dəfəlik uzaqlaşmaq niyyətindəydi. Sərxan bütün gücü ilə boşanma barədə məhkəmə qətnaməsinin əleyhinə çıxaraq, qızımın mənim yanıma getməsinə mane olurdu. Axırda da anasının tapşırığı və təsiri ilə cinayət törətdi.

Bu cəza övladımı geri qaytarmayacaq, qızımın azyaşlı uşaqlarının gözünün yaşını silməyəcək. Bu cəza nə mənə, nə də nəvələrimə toxtaqlıq verəcək. Ancaq qanunun, ədalətin yerini alması üçün ona ən ağır cəzanın verilməsini tələb edirəm".

Sərxan Əsədov isə apelyasiya şikayəti vermədiyini və məhkəmə hökmündən razı qaldığını deyib. Sərxan Əsədovun vəkili Ailə Eyvazova zərərçəkmişin apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Prokuror Rəhim Xudiyevin sözlərinə görə, hökm qanuni və əsaslıdır. Prokuror təyin edilmiş cəzanın ədalətli olduğunu göstərib. O, apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: